...

Bülənt Arınc: Türkiyə DİN ölkədəki etiraz aksiyaları ilə bağlı araşdırmalara başlayıb

Hadisə Materials 1 İyun 2013 14:19 (UTC +04:00)
Türkiyənin Daxili İşlər Nazirliyi ölkədəki etiraz aksiyaları ilə bağlı araşdırmalara başlayıb.
Bülənt Arınc: Türkiyə DİN ölkədəki etiraz aksiyaları ilə bağlı araşdırmalara başlayıb

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir R. Hafizoğlu/

Türkiyənin Baş nazirinin köməkçisi Bülənt Arınc Daxili İşlər Nazirliyinin (DİN) ölkədəki etiraz aksiyaları ilə bağlı araşdırmalara başladığını bildirib. Trend-in məlumatına görə, bu barədə Anadolu agentliyi məlumat verib.

Arıncın sözlərinə görə, hadisələrin araşdırılması ilə yanaşı, polisin nümayişçilərə qarşı zor tətbiq etməsi barədə də təhqiqatlara başlanılıb.

Baş nazirinin köməkçisi onu da qeyd edib ki, İstanbul 6-cı İnzibati Məhkəməsinin Taksim meydanında "Topçu Kışlası" ticarət mərkəzinin tikintisinin dayandırılması barədə qərarı doğrudur.

Türkiyənin müxtəlif şəhərlərində İstanbulun Taksim meydanında Gezi parkındakı nümayişçilərə dəstək aksiyaları keçirilir. Türkiyə KİV-in məlumatına görə, hazırda Taksim meydanındakı Gezi parkında gərginlik davam edir.

İstanbul valisi Hüseyn Avni Mutlu hadisə nəticəsində 12 nəfərin yaralandığını, 63 nəfərin saxlandığını bildirib.

İstanbul 6-cı İnzibati Məhkəməsi Taksim meydanında "Topçu Kışlası" ticarət mərkəzinin tikintisinin dayandırılması barədə qərar qəbul edib.

İyunun 1-də səhər saatlarında Türkiyənin İzmit vilayətində bir qrup nümayişçi ölkənin hakim partiyasının binasını ələ keçirməyə cəhd edib. Lakin polisin müdaxiləsindən sonra nümayiş dağıdılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti