Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İlkin İzzət/
Lənkəran şəhər sakininin evində tiryəkxana təşkil etməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İdrak Ələkbərovun Şeyx Zahid küçəsindəki evində tiryəkxana təşkil etməsi müəyyən edilib.
Evə baxış zamanı 2 kiloqram 3 qram heroin və digər ləvazimatlar aşkar edilərək götürülüb. Orada narkotik vasitələrdən istifadə edən və İ.Ələkbərovdan narkotik vasitə alan həmyerliləri, əvvəllər məhkum olunmuş Vüqar Əliyevdən 0,65 qram, Cəmil Mirzəyevdən 0,12 qram, Aygün Hüseynovadan 0,096 qram, Cavid Nağızadədən 0,1 qram və Ruslan Nəsirovdan 0,14 qram heroin götürülüb.