Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elmir Murad/
Zaqatalada Suriyada döyüşən İŞİD üzvü tutulub.
Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, saxlanılan Beyləqan rayonu Birinci Şahsevən kənd sakini 1990-cı il təvəllüdlü Şirinov Babək Pəzviz oğlu Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən yaxalanıb.
Araşdırma zamanı müəyyən edilib ki, o əvvəllər Suriya ərazisində İŞİD silahlı birləşmələrinin tərkibində döyüşüb. B.Şirinovun məqsədi dövlət sərhədini pozaraq Gürcüstana, oradan Türkiyəyə və daha sonra Suriyaya keçərək İŞİD silahlı birləşmələrinə qoşulmaq olub.
Keçirilmiş əməliyyat-axtarış nəticəsində sərhəd pozucusuna vasitəçilik etmiş Zaqatala rayonunun Əliabad kənd sakini Şamxalov Əfqan Niyazi oğlu da saxlanılıb.