...

Dostumun atasını FHN hospitalına yerləşdirmək üçün 3 min manat istədilər - Məhkəmə

Hadisə Materials 4 Dekabr 2021 11:18 (UTC +04:00)
Dostumun atasını FHN hospitalına yerləşdirmək üçün 3 min manat istədilər - Məhkəmə

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, prosesdə iki şahid dindirilib.

İlk olaraq Hospitalın 8-ci şöbəsində xəstə baxıcısı işləmiş Kamil Əliyevin ifadəsi dinlənilib. K.Əliyev ifadəsində deyib ki, tanışı Ruslanın atası xəstələnib, oğlu onu Modul Tipli Hospitalın VİP korpusuna yerləşdirmək istəyib: “Mən də Rüfət Vəlizadə ilə əlaqə saxladım. Dedim ki, xəstəni VİP korpusa yerləşdirmək istəyirlər. Dedi, olar. Rüfət bəy mənə "3" demişdi. Mən də 300 manat başa düşmüşəm. Sən demə 3 min manat deyibmiş. Xəstənin oğlu məbləği biləndə razılaşmadı. Pulu verə bilmədilər deyə xəstəni oradan çıxarıb başqa yerə apardılar”.

Şahiddən niyə qeydiyyat şöbəsinə deyil, məhz R.Verdizadəyə müraciət etdiyi soruşulub. O, “Rüfəti tanımışam ona görə”, - deyə cavablandırıb.

Şahid İlkin Rəfiyev ifadəsində porter və xəstə baxıcılarının işə qəbulu ilə məşğul olduğunu deyib: “Orada işdən çıxarılan işçilər vardı. Müqavilə müddətləri bitmişdi. İşdən çıxarılmaları ilə bağlı isə şikayətləri vardı. Rüfət Verdizadə onlara deyib ki, pul verin, müqavilə müddətini uzadaq”.

Məhkəmə prosesi dekabrın 6-da davam edəcək.

Qeyd edək ki, istintaq zamanı İmran Ağayevin həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.

İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.İş üzrə toplanan sübutlar əsasında

İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti