Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən Gülnarə Nəsirova və Yaşar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Y.Cəfərov 15 il, G.Nəsirova isə 13 il azadlıqdan məhrum edilib.
İttihama görə, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. Əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil edən Saatlı rayon sakinləri Yaşar Cəfərov və tanışı Gülnarə Nəsirova saxlanılıblar.
Onlardan ümumilikdə 10 kiloqrama yaxın yüksək təsiredici narkotik maddə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər.