Bakı. Trend:
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab
olaraq bildirilir ki, martın 13-də Ağstafa şəhərində fəaliyyət
göstərən iaşə obyektlərindən birində 10 nəfərin qida
zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı
Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 10 nəfərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.
Araşdırma davam etdirilir
