Bakı. Trend:
Əli ətçəkən maşında qalan 2 yaşlı körpə Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində körpənin əli ətçəkən maşından çıxarılıb və ona zəruri tibbi yardım göstərilib.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 27.08.2023-cü il təvəllüdlü körpəyə sağ əlin çoxsaylı əzilmiş, cırılmış yaraları diaqnozu təyin olunub və həkim-cərrahların peşəkarlığı, eyni zamanda çevik müdaxiləsi nəticəsində hər hansı ciddi xəsarət almadan xilas olunub.
"Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Tövsiyə edirik ki, bu kimi halların təkrarlanmaması üçün valideynlər daha diqqətli olsunlar. Təhlükə riski daşıyan bu cür avadanlıqlar, mexaniki və elektrikli cihazlar uşaqların nəzarətsiz şəkildə yaxınlaşa bilməyəcəyi yerlərdə saxlanılmalıdır.
Hər bir valideyn bilməlidir ki, ən sadə məişət əşyası belə azyaşlı üçün təhlükə mənbəyinə çevrilə bilər",- deyə məlumatda qeyd edilib.