Bakı. Trend:
Rusiya kosmonavtları Aleksey Ovçinin, İvan Vaqner və NASA astronavtı Donald Pettitin yer aldığı “Soyuz MS-26” kosmik gəmisinin eniş modulu Qazaxıstanın Jezkazqan şəhərindən 147 kilometr aralıda uğurla Yerə enib.
Trend-in məlumatına görə, bu barədə “Roskosmos”un mətbuat xidməti məlumat yayıb.
Kosmik gəmi Bakı vaxtı ilə saat 01:57-də Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb. Orbitdən çıxma və Yerə enmə əməliyyatı problemsiz keçib.
Qeyd edək ki, ekipaj 11 sentyabr 2024-cü ildən 20 aprel 2025-ci ilədək – yəni 7 aya yaxın müddət ərzində kosmosda olub.
Hazırda BKS-də olan "Soyuz MS-27" gəmisinin ekipajına isə Roskosmos kosmonavtları Sergey Rıjikov və Aleksey Zubritski, eləcə də NASA astronavtı Conatan Kim daxildir. Onların idarəsindəki kosmik gəmi aprelin 8-də stansiyaya yaxınlaşıb.
XXX
01:42
Üç nəfərlik ekipajı daşıyan "Soyuz MS-26" pilotlu kosmik gəmisinin geri qayıdış aparatı bazar günündən bazar ertəsinə keçən gecə Qazaxıstan ərazisinə enəcək.
Trend-in məlumatına görə, bu barədə Roskosmosun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, gəmi Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilən 72-ci uzunmüddətli ekspedisiyanın iştirakçıları – Roskosmos kosmonavtları Aleksey Ovçinin və İvan Vaqner, eləcə də NASA astronavtı Donald Pettiti Yerə qaytaracaq.
"Soyuz MS-26" kosmik gəmisinin BKS-in “Rassvet” modulundan ayrılması Bakı vaxtı ilə saat 01:56-a planlaşdırılıb. Bundan sonra gəmi avtonom uçuş rejiminə keçəcək, təxminən iki saat sonra isə mühərrikləri əyləc manevri üçün işə salaraq Yer orbitini tərk edəcək.
Eniş modulunun atmosferin sıx təbəqələrinə daxil olduqdan sonra Bakı vaxtı ilə saat 05:17-də Qazaxıstana enməsi gözlənilir. Yerə enişin ardından ekipajı qarşılayan axtarış-xilasetmə qrupları onları təxliyə edəcək.