...

ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2008 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral / Trend , müxbir E.Hüseynli/ ATƏT-in fəliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 22-də qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə cümə axşamı Trend "a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1994-cü ildə atəşkəsə dair saziş imzalandıqdan sonra ATƏT qoşunların təmas xəttində monitorinqlər keçirir. Fevralın əvvəllərində qoşunların təmas xəttində keçirilən monitorinqdən sonra ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik jurnalistlərə atəşkəs rejiminin intensiv pozulması ilə bağlı onlarda məlumar olduğunu açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında keçiriləcək monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməkçiləri Piter Ki, İmre Palatinus və Caslan Nurtazin keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Miroslav Vımetal keçirəcəklər.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti