Azərbaycan, Bakı, 07 may / Trend , müxbir C.Babayeva/ Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın milli maraqlarının müdafiə olunması, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycana qarşı törətdiyi faciələrə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi məqsədilə "Xocalıya ədalət - Qarabağa azadlıq" adı altında beynəlxalq kampaniyaya start verilir. Gənclər və İdman Nazirliyindən Trend -a daxil olan məlumata əsasən, bu təşəbbüslə İslam Konfransı Təşkilatının Gənclər Forumunun (İKTGF) mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyeva çıxış edib.
Məlumata əsasən, "Xocalıya ədalət - Qarabağa azadlıq" beynəlxalq kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrinin gəncləri, insan hüquqları müdafiəçiləri tərəfindən təqdim ediləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kreativ və orijinal üslubda fotoşəkillər İKTGF tərəfindən yaradılacaq internet saytda yerləşdiriləcək. Kampaniyaya daxil olan fotoşəkillərin BMT, Avropa Şurası, ATƏT-in Minsk Qrupu həmsədr ölkələri və Xarici İşlər Nazirliyinin saytlarına, eləcə də dünyanın aparıcı qeyri-hökumət təşkilatlarına göndərilməsi nəzərdə tutulub.
Beynəlxalq kampaniyanın keçirilməsi təşəbbüsünə İSESKO və İKTGF tərəfindən beynəlxalq dəstəyin verilməsi məqsədilə bu məsələ mayın 16-17-də İstanbulda keçiriləcək İKT hökumətlərarası ekspert iclasının gündəliyinə salınıb.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend