Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir/A.Hüseynbala/
Azərbaycanın Ağdam və Xocavənd rayonları arasındakı ərazidə taxıl biçən kombayn minaya düşüb.
Pişikli dərəsinə yaxın ərazidə baş verən hadisə zamanı kombayn sıradan çıxıb, kombaynı idarə edən Ağcabədi rayon sakinləri 26 yaşlı Coşqun Eyvaz oğlu Gülcamayev və onun köməkçisi 35 yaşlı Zaur Şəfa oğlu Babayev yüngül xəsarət alıblar", - cümə axşamı Trend -a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən bildirilib.
Trend -un arayışı: 2009-cu ilin altı ayı ərzində mina və partlamamış hərbi sursatlarla bağlı 10 hadisə nəticəsində 15 qurbanın olduğu qeydə alınıb. Bu partlayışlarda iki əsgər həlak olub, 13 mülki şəxs yaralanıb. 2009-cu ildə baş vermiş hadisələr Biləcəri qəsəbəsində, Füzuli, Ağdam, Ağstafa, Göygöl və Xocavənd rayonları ərazində baş verib.
Məlumatda qeyd edilir ki, həmin ərazidə indiyədək təmizləmə işləri aparılmayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]