Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir E.Tarıverdiyeva /
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza erməni siyəsətçinin onun Ermənistanda "persona non-qrata" elan olunması təklifinə şərh verməməyi üstün tutur.
"Mən bir və bir neçə erməni siyəsətçinin bəyanatlarına şərh vermək istəməzdim. Sadəcə demək istəyirəm ki, Minsk qrupunun danışıqlarında iştirak edən hər kəs Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində tərəflər arasındakı ixtilafın aradan qaldırılması üçün saysız ideyalar təklif edərək nə dərəcədə ədalətli olduğumu bilir", - Trend -a Brayza bildirib.
"Konstitusiya hüququ İttifaqı" partiyasının sədri Ayk Babuxanyan amerikalı həmsədr Brayzanın Ermənistanda "persona non-qrata" elan olunmasını təklif edərək, onun bu yaxınlarda verdiyi bəyanatı kəskin tənqid edib. Bu barədə Armenia Today xəbər verir.
"Təxminən bir il öncə bildirmişdim ki, Ermənistan hakimiyyəti Brayzanı "persona non-qrata" elan etməlidir və mən hələ də eyni fikirdəyəm. Ermənistan xalqına, dövlətinə və hakimiyyətinə hörmət etməyən xarici diplomat məhz buna layiqdir", - Babuxanyan mətbuat konfransında bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]