Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir Ü.Sadıxova/
Türkiyə hər zaman Azərbaycanın maraqlarını gözləyəcək, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc çərşənbə axşamı Trend -a bildirib.
"Azərbaycanla-Türkiyə əlaqələri qardaşlıq əlaqələri kimi qurulub. Hər iki ölkə arasında qan bağlantısı var və biz hər zaman Azərbaycanın maraqlarını gözləyəcəyik", - Kılıc əlavə edib.
Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında protokollar imzalanıb.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Səfir Azərbaycanın dərdinin Türkiyənin dərdi olduğunu bildirib. "Azərbaycanın Türkiyəyə güvənməsini gözləyirik", - Kılıc vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]