...

Şuşa rayonunun təbii sərvətlərinin ermənilər tərəfindən dağıdılmasına dair faktlar aşkarlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2011 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə Şuşa rayonu ərazisində müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərə baxaraq, təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair faktları aşkarlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Faktlar Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunmasını, Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə sahəsi qırılaraq geniş düzənlik açılması və orada inşaat işlərinin aparılmasını, Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 metr hündürlükdə yerləşən Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 metr olan "Xan Mağarası"nın amansızlıqla məhv edilməsini, Şuşa şəhərinin yuxarı hissəsində Dörd yol adlanan yerdən yuxarı Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində, 200-ə yaxın müxətlif növ iri diametrli çoxillik ağacların kəsilməsini, ondan bir qədər irəlidə yolun sağında isə ağacların bütünlüklə qırılmasını, Zarıslı kəndində bütün ağacların, o cümlədən məktəb həyətində olan dekorativ və meyvə ağaclarının tamamilə məhv edilməsini sübut edir.

Şuşa şəhərinin işğalından 19 il keçir. Ərazisinin 20 faizini meşələr təşkil edən şəhərin ümumi sahəsi 29356 hektardır. Şuşanın ətrafındakı meşə və dərələrdə müxtəlif müalicə əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklər geniş yayılıb. Ən iri mineral su bu­laq­ları Turşsu və Şirlandır.

Şuşa rayonunda təsdiq edilmiş ehtiyatları 1143 min kubmetr olan və işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, ehtiyatları 397 min kubmetr olan kərpic-kirəmid istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları gündə 50 min kubmetr olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətə malik, istismar ehtiyatları gündə 60 min kubmetr və 25 min kubmetr olan Şirlan və Turşsu mineral su yataqları var.

1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib.

Şuşanın "Haça yal" adlanan sahəsində uzun illər əkilərək becərilmiş 1500-2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb.

Şuşa 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal edilib.

Xəbər lenti

Xəbər lenti