Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
ATƏT qoşunların təmas xəttində monitorinq keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 17-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino kəndinin şimal-qərb istiqamətindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçiriblər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.