Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir M.Əliyev/
Dünya Xocalı soyqırımını haqq-ədalətlə dəyərləndirərək, onu törədənləri ittiham etməyə borcludur. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Xocalı faciəsinin 20 illiyi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində keçirilən konfransda bildirib.
"Xocalı soyqırımı təkcə Azərbaycan millətinə və mədəniyyətinə qarşı deyil, bütün bəşəriyyətə, onun milli-mənəvi dəyərlərinə qarşı yönəldilmiş planlı, düşünülmüş cinayətdir", - o deyib.
Orucov bildirib ki, Xocalı qətliamının bütün dünyaya çatdırılmasında, onu törədənlərin ifşasında Azərbaycanın din və konfessiya başçılarının fəal mövqeyi nümayiş olunub.
"Xocalının qədim maddi-mənəvi abidələrindən, elmi əsərlərindən heç nə qalmayıb. Bəziləri məhv edilib, digərləri İrəvana aparılaraq erməniləşdirilib", - Dövlət Komitəsinin rəhbəri qeyd edib.
Orucov deyib ki, dünya bu soyqırımı düzgün dəyərləndirərək ədalətli qiymət verməlidir.