...

Əli Həsənov: Azərbaycanın işğal olunmuş ərazilərində dünya üçün təhlükəli terror qruplaşmaları təlimlər keçir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Aprel 2014 17:33 (UTC +04:00)
Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 7-də Türkiyə Böyük Millət Məclisinin və İstanbul Ticarət Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Əli Həsənov: Azərbaycanın işğal olunmuş ərazilərində dünya üçün təhlükəli terror qruplaşmaları təlimlər keçir

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 7-də Türkiyə Böyük Millət Məclisinin və İstanbul Ticarət Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərindən danışan Ə.Həsənov bu gün ölkələrimiz arasında bütün sahələrdə dostluq və qardaşlıq üzərində qurulmuş əlaqələrin olduğunu bildirib.

Qeyd olunub ki, tarixi köklərə malik Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir.

Ə.Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında ətraflı danışıb. Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, milli mədəni sərvətlərimiz talan edilib.

Baş nazirin müavini bildirib ki, ermənilər öz planlarını - Azərbaycana qarşı əsassız ərazi iddialarını mərhələ-mərhələ həyata keçiriblər. Qeyd olunub ki, 1918-ci ilin martında baş vermiş hadisələr zamanı ermənilər tərəfindən silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunmaqla yüz minlərlə insan kütləvi surətdə qətlə yetirilib, onların yaşadıqları kəndlər talan edilib.

Ə.Həsənov qeyd edib ki, bu gün bütün türk və müsəlman dünyası ölkələri erməni təcavüzkarlarına qarşı birgə mübarizə aparmalıdır.

Baş nazirin müavini bildirib ki, bu gün ermənilər işğal altındakı ərazilərdə narkotik vasitələr istehsal edirlər: "Orada dünya üçün təhlükəli terror qruplaşmaları təlimlər keçir. Eyni zamanda, həmin ərazilərdən narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə olunur".

Azərbaycanın münaqişənin sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu qeyd edən Baş nazirin müavini bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür: "Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə Azərbaycan hökuməti son 20 ildə 5,4 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib".

Ə.Həsənov xatırladıb ki, məhz ilk olaraq Türkiyənin bir sıra humanitar təşkilatları tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün soydaşlarımıza humanitar yardımlar olunub.

Münaqişənin həlli üçün beynəlxalq ictimaiyyətin qətiyyət nümayiş etdirməli olduğunu deyən Ə.Həsənov təəssüflə bildirib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.

Görüşdə çıxış edən İstanbul Ticarət Palatasının üzvü və nümayəndə heyətinin sədri Öztürk Oran bildirib ki, Xocalı soyqırımı insanlıq əleyhinə işlənmiş bir cinayətdir. Vurğulanıb ki, bu cür vəhşi qətliamların təkrarlanmaması üçün onun günahkarları beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmalıdır.

Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin ehtiyaclarını təmin etmək üçün bütün lazımi işləri gördüyündən xəbərdar olduğunu deyən qonaq vurğulayıb ki, ermənilər unutmamalıdırlar ki, bu gün Ermənistan dövlətinin mövcud olduğu ərazilər də qədim Azərbaycan torpaqlarıdır.

Ö.Oran İstanbul Ticarət Palatası haqqında məlumat verərək bildirib ki, təşkilat dünyanın ən böyük qeyri-hökumət təşkilatlarından biridir.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından deputat Seyit Erçelik və digər çıxış edənlər də Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün birgə fəaliyyətin önəmli olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti