Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
Ötən sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Noyemberyan rayonunun Dovex, Barekamavan, Şavarşavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Fərəhli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Sarıcalı, Mərzili, Baş Qərvənd, Şuraabad, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.