...

Nizami Cəfərov: Ermənistan hökuməti cəmiyyətin etirazı ilə üzləşməmək üçün təxribatlar zamanı verdiyi itkilərin sayını gizlədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2014 14:45 (UTC +04:00)
Ermənistan beynəlxalq münasibətlərdə, həm xarici siyasətdə, həm də daxili siyasətdə get-gedə çıxılmaz vəziyyətə düşür və bu səbəbdən də təxribatlara əl atır.
Nizami Cəfərov: Ermənistan hökuməti cəmiyyətin etirazı ilə üzləşməmək üçün təxribatlar zamanı verdiyi itkilərin sayını gizlədir

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Ermənistan beynəlxalq münasibətlərdə, həm xarici siyasətdə, həm də daxili siyasətdə get-gedə çıxılmaz vəziyyətə düşür və bu səbəbdən də təxribatlara əl atır. Bu barədə Trend-ə millət vəkili Nizami Cəfərov son günlər cəbhə xəttində baş verən gərginliyə münasibət bildirərkən deyib.

N.Cəfərov qeyd edib ki, əhali Ermənistanı tərk edir, dünyada ermənilərin uydurduqları müxtəlif yalanların üstü açılır: "Azərbaycan artıq regionun ən böyük dövləti kimi, ciddi inkişaf edən, dünya miqyasında tanınan, sülhpərvər bir ölkə kimi tanınır. Ona görə də istər-istəməz, Ermənistan təxribatlara əl atır. Əslində Azərbaycan Ordusu torpaqlarımızı qoruyur, amma Ermənistan qoşunlarının nə ilə məşğul olduğu bilinmir. Onlar işğalçıdırlar. İstər-istəməz, işğalçı da işğal etdiyi torpağı qoruya bilməz, yəni onun əsgərində bu hissiyyat ola bilməz. Odur ki, ancaq təxribatlara əl atılmalıdır, yalanlar üzərində nəsə qurulmalıdır, rəqəmlər gizlədilməlidir".

Millət vəkili əlavə edib ki, bu da uzun sürəcək bir şey deyil. Onun sözlərinə görə, bu, Ermənistanın ağır vəziyyətdə olmasının ifadəsidir: "Bu, Ermənistanın dünyanın bugünkü qaydalarına, normalarına, birgə yaşam şərtlərinə uyğunlaşmaq istəməməsi nəticəsində yaranan vəziyyətdir".

N.Cəfərov qeyd edib ki, Ermənistan təxribatlar törətməklə özünü daha da çətin duruma salır: "Ermənistanın təxribatlar zamanı verdiyi itkilər barədə düzgün məlumat yaymaması da bunu göstərir. Görünür, Ermənistan hökuməti cəmiyyətin etirazı ilə üzləşməmək üçün itkilərin sayını gizlədir".

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digır kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti