Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Azərbaycanın enerji siyasəti və Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri ilə əlaqədar kitab hazırlamaq məqsədilə ölkəmizdə səfərdə olan ABŞ-ın "The Hill" qəzetinin müxbiri Raoul Lovrey Conterasla görüşüb.
Komitədən Trend-ə verilən məlumata görə, təmsil etdiyi mətbu orqanda ölkəmiz haqqında obyektiv məqalələrlə çıxış etdiyinə, Azərbaycanın bir saylı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünlərin indiyədək üzləşdikləri çətinliklər və onların bu günkü real durumu ilə yerində tanış olmaq üçün görüşə gəldiyinə görə amerikalı jurnalistə təşəkkürünü bildirən F.Hüseynov təəssüflə qeyd edib ki, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsinin nəticəsidir ki, münaqişə hələ də öz həllini tapmayıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə F.Hüseynov jurnalistə münaqişənin tarixi kökləri və yaranma səbəbləri, rus hərbi birləşmələrinin köməyi və iştirakı ilə Azərbaycan ərazilərinin 20 faizinin işğal olunması, bir milyondan çox vətəndaşımızın bu işğal nəticəsində qaçqın və məcburi köçkünə çevrilməsi, ermənilər tərəfindən misli görünməmiş Xocalı faciəsinin, çoxsaylı terror aktlarının törədilməsi və sair bu kimi məsələlərlə bağlı hərtərəfli məlumat verib.
O, jurnalisti həmçinin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemləri, onların bu günkü vəziyyəti, Azərbaycanın gündən-günə artan iqtisadi imkanlarının bu soydaşlarımızın sosial-məişət və mənzil problemlərinin həllinə yönəldilməsi sahəsində yürüdülən dövlət siyasəti, bunun nəticəsində onlar üçün yaradılan hərtərəfli şərait və digər bu kimi məsələlər barədə də ətraflı məlumatlandırıb.
Ümumiyyətlə Azərbaycan haqqında, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, qaçqın və məcburi köçkünlər barədə müəyyən məlumatı olduğunu deyən qonaq onu maraqlandıran suallara ətraflı cavab aldığına görə minnətdarlığını bildirərək bütün bunların onun üçün mühüm önəm daşıdığını deyib.
Amerikalı jurnalist Binəqədi rayonu ərazisində məskunlaşmış məcburi köçkünlərlə də görüşüb söhbət edib, onlar üçün yaradılan şəraitlə yerində tanış olub.