Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/
"Dağlıq Qarabağ bölgəsinin separatçı rejiminin başçısı Bako Saakyanın Böyük Britaniyaya səfəri ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə etirazımızı bildirmişik".
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, B.Saakyan Ermənistan pasportu ilə qonaq qismində Londona gedib: "Əlbəttə, Saakyana niyə Ermənistan pasportu ilə viza verilməsi məsələsi araşdırılmalıdır. Bir tərəfdən, Ermənistan özü bəyan edir ki, bunlar müstəqildirlər, digər tərəfdən, Saakyan Fransa, Böyük Britaniya, ABŞ-a gedəndə Ermənistan pasportundan istifadə edir".
E.Məmmədyarov Azərbaycan tərəfinin bunu özəl səfər kimi qiymətləndirdiyini deyib: "Britaniya parlamentinin buna dəstək verdiyini söyləmək olmaz, bu, özəl bir səfər idi".
O, qeyd edib ki, əgər B.Saakyan Dağlıq Qarabağın erməni icmasının fikirlərini İngiltərədə "Chatham House"da hansısa formada çatdırıbsa, Azərbaycan tərəfi də fikirlərini çatdırmalıdır: "Artıq bunun vaxtını səfirlik yolu ilə müəyyənləşdiririk. Azərbaycan icmasının nümayəndələri də İngiltərədə olanda öz fikirlərini Bako Saakyanın görüşdüyü adamlara çatdırmalıdırlar və çatdıracaqlar".