...

Mübariz Əhmədoğlu: Həmsədrlər "status-kvo dəyişməlidir, ancaq bunun danışıqlarla olması arzu olunandır" ifadəsini işlədə bilməzlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2016 12:34 (UTC +04:00)
Həmsədrlər "status-kvo dəyişməlidir, ancaq bunun danışıqlarla olması arzu olunandır" ifadəsini işlədə bilməzlər.
Mübariz Əhmədoğlu: Həmsədrlər "status-kvo dəyişməlidir, ancaq bunun danışıqlarla olması arzu olunandır" ifadəsini işlədə bilməzlər

Bakı. Trend:

Həmsədrlər "status-kvo dəyişməlidir, ancaq bunun danışıqlarla olması arzu olunandır" ifadəsini işlədə bilməzlər. ATƏT MQ həmsədrlərinin bütün intellekt, bacarıq və fəaliyyətləri status-kvonun qorunub saxlanılmasına yönəlib. Azərbaycan etiraz bildirən kimi həmsədrlər günahkar uşaq kimi "yox, bunu mən etməmişəm" deyirlər, sonra residivist kimi əməllərini davam etdirirlər.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saatı"nda deyib.

Politoloq bildirib ki, əgər ATƏT MQ həmsədrləri AŞPA-da qətnamələrin əleyhinə deyildilərsə, niyə görə bu məsələ ilə əlaqədar səsvermə ərəfəsində rəsmi bəyanat verdilər?!

Mərkəz rəhbəri deyib ki, həmsədrlər özləri bir neçə dəfə "işğal olunmuş ərazilər" terminindən istifadə ediblər: "Ən azı işğal olunmuş ərazilər terminini Dağlıq Qarabağ tənzimlənməsində istifadə olunduğu fikrini təsdiq edə bilərdilər. Çünki AŞPA-dakı qətnamələrə münasibəti məhz bu termin müəyyənləşdirdi. Həmsədrlər "Ermənistan işğalçı qoşunlarını nə qədər tez Azərbaycan ərazisindən çıxarsalar, tənzimlənmə bir o qədər tez başlayacaq" fikrini də hələ də dövriyyəyə buraxmayıblar".

M.Əhmədoğlu qeyd edib ki, Azərbaycanın təpkisindən sonra həmsədrlərin yadına status-kvonun dəyişilməsi düşdü: "Həmsədrlər özlərini tanıyırlar, şəxsiyyətlərinin hansı vəziyyətdə olduğunu bilirlər. Həmsədrlər qoşunların təmas xəttində ölən hərbçilərin qanına bulaşmış maaşı almağı özlərinə layiq bilirlər. Öz hörmətlərini hansı səviyyədə saxlamağı həmsədrlərin özlərinin daxili işidir. Amma öz ölkələrinin başçılarına hörmət etmək onların vətəndaş və vəzifə borcudur".

Politoloq sonra bildirib ki, həmsədr ölkə prezidentləri Dağlıq Qarabağ tənzimlənməsi üzrə 5 bəyanat qəbul ediblər: "5 bəyanatın birincisi yenilənmiş Madrid prinsipləridir. Onun da birinci maddəsində Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması təsbit edilir. Eləcə də həmsədr ölkə prezidentlərinin imzaladıqları 5 bəyanatın 5-nin də əsas fəlsəfəsi Dağlıq Qarabağ münaqişəsində status-kvonu dəyişməkdən ibarətdir. İndi həmsədrlərin fəaliyyət dövründə bütün çıxışlarını və bəyanatlarının kontent-analizi aparılsa, "status-kvonun qəbuledilməzliyi" anlayışının 5 dəfədən də az işləndiyinin şahidi olarıq. Hər-halda həmsədr ölkə prezidentlərinin hörmətləri həmsədrlərin onlara münasibəti ilə ölçülmür".

M.Əhmədoğlu vurğulayıb ki, amerikalı həmsədr C.Uorlik status-kvonun dəyişilməsinin zəruriliyi ilə bağlı tvitter səhifəsində paylaşdı: "Həmin tvitterin altında dərhal yazdı ki, Dağlıq Qarabağ münaqişəsi dinc danışıqlar vasitəsilə həll edilməlidir. C.Uorlik indi də belə balanslaşdırma ilə məşğuldur. İki cümləli tvitterinin birinci cümləsi Azərbaycan, ikinci cümləsi isə Ermənistanın maraqları üçün nəzərdə tutulub. Yəni, əslində bu, onu göstərir ki, həmsədrlərin Dağlıq Qarabağ münaqişəsini tənzimləmək niyyəti yoxdur. Həmsədrlərin təklifləri və yaxud verə bilmədikləri təkliflər ekspert tənqidinə dözə bilmir. C.Uorlikin son tvitti də bunun bariz misalıdır. Status-kvo dəyişilməlidir. Amma hamı arzulayır ki, bu dinc danışıqlar vasitəsilə baş tutsun. C.Uorlik sonuncu tvittində bu iki fikri birləşdirib bir cümlə formasında ifadə edə bilməyib. Bəlkə də bunu ona qadağan ediblər".

Mərkəz rəhbəri deyib ki, status-kvo ilə bağlı E.Nalbandyanın dediyi fikirlər isə həm siyasətin, həm də diplomatiyanın şedevridir: "Sən demə status-kvonu dəyişmək üçün hökmən qoşunların təmas xəttində nəzarət mexanizmləri və ya insidentləri tədqiq edən mexanizmlər qurulmalıdır. E.Nalbandyan Ermənistan-Azərbaycan qoşunlarının indiki təmas xəttinin dəyişilməsinin zəruriliyini bilir. Çünki Yenilənmiş Madrid Prinsiplərinin birinci maddəsi bunu tələb edir. E.Nalbandyan qoşunların təmas xəttinin yeni coğrafiyasını göstərməklə status-kvonun dəyişilməsinə böyük kömək etmiş olardı. Hətta E.Nalbandyan Ermənistanın işğalçı qoşunlarının bir rotasını Azərbaycan ərazisindən çıxmasını bəyan etməsi də indiki halda elə status-kvonun dəyişilməsi deməkdir. E.Nalbandyan özü savadsız və məntiqsiz bəyanat verir və verdiyi bəyanata həmsədrlərin də şərik olduğunu bildirir. Həmsədrlər də bununla razılaşırlar. Obyektiv reallığı inkar etmək heç bir erməninin gücü daxilində olan məsələ deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti