...

Macarıstanda Xocalı faciəsinin ildönümü ilə bağlı kütləvi tədbirlər keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2018 22:11 (UTC +04:00)
Macarıstanın Budapeşt və Pecs şəhərlərində Xocalı faciəsinin ildönümü ilə bağlı kütləvi tədbirlər təşkil edilib
Macarıstanda Xocalı faciəsinin ildönümü ilə bağlı kütləvi tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və birbaşa dəstəyi ilə Macarıstanın Pecs şəhərində fəaliyyət göstərən universitetlərdə təhsil alan azərbaycanlı tələbələr tərəfindən dinc etiraz aksiyası keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, aksiyaya azərbaycanlı tələbələrlə yanaşı, Türkiyə, Macarıstan və digər ölkələrin tələbələri qatılıb. Aksiya iştirakçıları Xocalı soyqırımına dair macar və ingilis dillərində kitab və broşürları yerli əhali və turistlərə paylayıb və Xocalı faciəsi barədə məlumatlar təqdim edib.

26 fevral tarixdə paytaxtı Budapeşt şəhərinin mərkəzində Xocalı faciəsi ilə bağlı digər bir tədbir təşkil edilib. Budapeştin “Qəhrəmanlar meydanı”nda toplaşan Azərbaycan diasporunun nümayəndələri və burada təhsil alan tələbələr əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutaraq, şəhərin əsas meydanında çoxsaylı turistlərin və yerli əhalinin diqqətini cəlb edib. Aksiya zamanı Xocalı soyqırımı haqqında şəkil, buklet və Səfirliyin təşəbbüsü ilə macar dilinə tərcümə edilmiş “Xocalı Soyqırımı”, “Qarabağ” adlı kitablar paylanılıb, Xocalıda dinc əhaliyə qarşı ermənilər tərəfindən həyata keçirilmiş amansız vəhşiliklər və dəhşətli cinayətlər haqda seyrçiləri məlumatlandırılıb.

Daha sonra Budapeşt sakinlərinin diqqətini Azərbaycan tarixinin bu faciəli səhifəsinə yönəltmək məqsədilə şəhər meriyası ilə razılaşdırılmış şəkildə Budapeştdə avtomobil yürüşü təşkil edilib və üzərində Azərbaycan və Türkiyə bayraqları, Xocalı faciəsi ilə bağlı posterlər olan avtomobillərin təxminən iki saat ərzində polis maşınlarının müşayiəti ilə paytaxtın əsas küçə və meydanlarından keçidi təşkil edilib.

Bundan başqa Azərbaycanın Macarıstandakı səfirliyinin binasının önündə Xocalı soyqırımını əks etdirən foto şəkillərdən və ingilis dilli xarici KİV-də dərc edilmiş məlumatlardan ibarət lövhələr yerləşdirilib və Xocalıda şəhid olmuş insanların foto şəkilləri önünə tələbələr və yerli əhali tərəfindən gül və şamlar qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti