...

Ermənistan XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində nikbinliyi şişirtməməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Dekabr 2005 18:22 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində nikbinliyi şişirtməyə dəyməz. Bu barədə Ermənistan XİN başçısı Vardan Oskanyan bəyan edib.

Trend bildirir ki, nazirin sözlərinə görə, həqiqətən, 2005-ci ildə irəliləyiş qeydə alınıb. "Bunu inkar etmək olmaz. Prezidentlərin iki görüşü müsbət nəticələr verib, nazirlər arasında Praqa prosesi keçirilib və bunlar bir-birini tamamlayıb. İrəliləyiş də vardır, amma bu, tam deyil" -deyə nazir bəyan edib.

Nazir əlavə edib ki, prezidentlərin və XİN başçılarının görüşünün nəticələrini gözləmək lazımdır. "Amma təməl kifayət qədər yaxşıdır. Həqiqətən, Ki-Uestdən sonra biz belə bir vəziyyətdəolmamışıq" -deyə nazir əlavə edib. "Biz istəyirik ki, problem mümkün qədər tez həll edilsin. Hamı başa düşməlidir ki, problem yalnız və yalnız kompromislər əsasında həll edilməlidir. Əgər həqiqətən, bütün tərəflər bu sazişi imzalamalı olsa, bu, hamının iradəsilə olmalıdır.Bu, bu və ya digərinin, yaxud üçüncünün xeyrinə ola bilməz. Buna görə də tərəflər buna hazır olmalıdır. Həmçinin ictimai rəy hazırlamaq lazımdır" -deyə nazir bildirib.

Nazir qeyd edib ki, 2006-cı il imkanlar ilidir, çünki nə Ermənistanda, nə də Azərbaycanda seçki prosesləri yoxdur. Bu, məsələnin siyasiliyini azaldır. "Amma digər tərəfdən biz hesab etməməliyik ki, bu məsələni 2006-cı ildə həll etməyə məcburuq. Biz bu məsələyə çox soyuq, sakit yanaşırıq. Prosesin öz məntiqi vardır. Hansı yolda olmağımız bizə çox aydındır. Proses müsbət məcrada davam etdirilsə, həqiqətən, hesab edirik ki, 2006-cı ildə məsələnin həllinə getmək olar. Amma qərar zorla qəbul edilməməlidir. Şərtlər əlverişlidir, bu istiqamətdə ihşləmək lazımdır" -deyə nazir bildirib. Bu barədə "Kavkaz-Press" xəbər verir.

Xəbər lenti

Xəbər lenti