...

Prezident Aparatı rəsmisi: "Erməni separatçılarının "seçki" oyunları boş və mənasız cəhdlərdir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyul 2007 12:24 (UTC +04:00)
Prezident Aparatı rəsmisi: "Erməni separatçılarının "seçki" oyunları boş və mənasız cəhdlərdir"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın işğal olunmuş ərazilərində erməni separatçılarının guya "dövlət" yaratmaq cəhdlərinə özlərindən başqa heç kəs inanmır və məhəl qoymur. Bu fikirləri Azərbaycan Prezident Aparatı İctimai-siyasi şöbəsinin sektor müdiri Fuad Axundov cümə axşamı bildirib.

O, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində erməni separatçılarının bu gün qondarma "prezident seçkiləri" keçirmək cəhdinə münasibətini bildirərkən qeyd edib ki, həmişəki kimi separatçıların istənilən qeyri-qanuni hərəkətləri beynəlxalq aləmdə tanınmır: "ATƏT-in Minsk qrupunda həmsədr ölkələr - Rusiya, Amerika, Fransa da bu saxtakarlıqları tanımır. Rusiyanın telekanallarının xəbərləri də bu haqda məlumatlar yayarkən həmin "seçkilərin" hər üç dövlət, xüsusilə də Rusiya tərəfindən tanınmadığını vurğulayırlar. Şərhlərdə qeyd olunur ki, bununla ermənilərin nəyi nümayiş etdirmək istədikləri məlum deyil və bu, sadəcə boşuna vaxt sərf etməkdir.

Axundov qeyd edib ki, separatçıların cəhdləri təkcə Minsk qrupu deyil, heç bir dövlət və beynəlxalq təşkilatlar tərəfindən tanınmır. Prezident Aparatı rəsmisi hesab edir ki, separatçı rejimin "seçki" keçirmək cəhdi özünə diqqət cəlb etmək məqsədi güdür: "Ermənilər görürlər ki, onlara fikir verən yoxdur, hər şeydən kənarda qalıblar. Onların guya "dövlət" olmasına özlərindən başqa heç kim inanmır. Hətta Ermənistan da onu tanımır. "Seçki" oyunları isə tamamilə boş və mənasız cəhdlərdir" - deyə Axundov vurğulayıb.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti