...

Seçki qanunvericiliyinə dair müxalifəti vahid mövqeyə gətirmək üçün Forum keçiriləcək

Siyasət Materials 25 Sentyabr 2007 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratiya Uğrunda İttifaq müxalifət partiyalarını seçki qanunvericiliyinə dair vahid mövqeyə gətirmək üçün müxalifətin Forumunu keçirmək barədə qərar qəbul edib. Bu barədə Trend ə Demokratiya Uğrunda İttifaqda təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

Azərbaycanda gələn il prezident seçkiləri keçiriləcək və seçkidən öncə Seçki Məcəlləsinin (SM) təkmilləşdirilməsi məsələsi gündəmə gətirilib. SM-ə əlavə və dəyişikliklər edilməsi üçün Avropa Şurası Venesiya Komissiyasının, Azərbaycan hökumətinin və bütün siyasi partiyaların iştirakı ilə noyabrda Bakıda müzakirələr keçiriləcək.

Azərbaycanın müxalifət partiyalarının seçki qanunvericiliyinin (Seçki Məcəlləsi) dəyişdirilməsi ilə bağlı vahid mövqeyi yoxdur, onlar konkret olaraq seçki komissiyalarının formalaşdırılması üsullarına dair müxtəlif təkliflərlə çıxış edirlər.

Bir qism müxalifət partiyası (Müsavat, AMİP, ADP və s.) seçki komissiyalarının iqtidarla müxalifət arasında paritet bölüşdürülməsini təklif edir. Üç partiyanın təmsil olunduğu müxalifətçi "Azadlıq" bloku isə (AXCP, ALP, VİP) seçki komissiyalarının son parlament seçkilərində bir faizlik baryeri keçmiş partiyaların nümayəndələrindən ibarət formalaşmasını təklif edir.

Hakim Yeni Azərbaycan Partiyası isə hazırda mövcud olan (MSK-da 18 nəfərlik yerin 6-sı parlamentdə çoxluq, 6-sı azlıq təşkil edən partiyaların, 6-sı isə bitərəf deputatların nümayəndələrindən ibarətdir) tərkibin qalmasının tərəfdarıdır.

Demokratiya Uğrunda İttifaq seçki komissiyalarının formalaşmasına dair özünün təklifini yaxın günlərdə hazırlayacaq və partiyaların Forumunda müzakirəyə çıxaracaq.

"Forumun məqsədi müxalifət partiyalarını seçki komissiyalarının formalaşdırılması məsələsində ortaq mövqeyə gətirməkdir. Forumu təşkil etmək üçün artıq İşçi qrup yaradılıb"-deyə Əhməd Oruc bildirib.

Demokratiya Uğrunda İttifaqda üç müxalifət partiyası - Klassik Xalq Cəbhəsi, Milli Demokratiya və Azadlıq partiyaları təmsil olunur. İttifaq bu partiyaların əməkdaşlıq qurumudur.

Xəbər lenti

Xəbər lenti