...

Milli Məclisin sədri Strasburqda görüşlər keçirir

Siyasət Materials 3 Oktyabr 2007 01:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Strasburqda görüşlər keçirir.

"Səfər Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) prezidenti Rene van der Lindenin təklifi ilə baş tutacaq" - deyə əvvəllər verdiyi məlumatda Milli Məclisin mətbuat katibi Akif Nəsirov bildirib.

Əsədov AŞPA prezidenti Rene Van der Linden, qurumdakı siyasi qrupların nümayəndələri, AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin sədri, böyük britaniyalı parlamentari lord Rassel Conston, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel, "Aqo" Monitorinq qrupunun sədri, AŞPA-nın Siyasi İşlər Komitəsinin sədri Abdülqədir Atəş, Avropa Şurasının baş katibi Terri Devislə görüşəcək.

"Görüşlərdə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılacaq", -deyə Nəsirov əlavə edib.

Bundan başqa Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyində olacaqlar.

Spikeri Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, aparatın işçiləri və AŞPA-nın payız sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri müşayət edəcək.

Strasburqda AŞPA-nın payız sessiyası keçirilir və oktyabrın 5-də başa çatacaq. Sessiyanın gündəliyində Azərbaycanla bağlı hər hansı məsələ yoxdur.

Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür və AŞPA-da təmsil olunur.

Xəbər lenti

Xəbər lenti