...

Müsavat Partiyasının Seçki Məcəlləsi ilə bağlı təklifləri əksər partiyaların mövqeyilə üst-üstə düşür

Siyasət Materials 4 Oktyabr 2007 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyasının Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı hazırladığı təkliflər əksər müxalifət partiyalarının mövqeyi ilə üst-üstə düşür. Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Müsavat Partiyası Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflərini Milli Məclisə təqdim edib. Partiya seçki komissiyalarının iqtidarla müxalifət arasında paritet (bərabər) bölünməsini, proporsional seçki sisteminin bərpasını təklif edir.

Demokratiya Uğrunda İttifaq bütün müxalifət partiyalarının seçki qanunvericiliyinə dair ayrı-ayrılıqda fərqli təkliflər hazırladığını nəzərə alaraq, onların eyni mövqedən çıxış etməsi və vahid təkliflər hazırlaması üçün partiyalarla danışıqlar aparır. İttifaq bu məqsədlə partiya rəhbərlərinin toplantısını təşkil edəcək.

Artıq üç partiyanı birləşdirən "Azadlıq" bloku rəhbərləri seçki qanunvericiliyi ilə bağlı öz mövqelərini dəyişməyəcəklərini bildiriblər.

Müsavat başqanı da bildirib ki, onların təklifi hamı tərəfindən müsbət qəbul olunacaq təkliflərdir: "Bizim təkliflərimiz əksər müxalifət qüvvələri tərəfindən dəstəklənib. Hesab edirəm ki, məşvərət məclisində təmsil olunan və olunmayan partiyaların əksəriyyəti Müsavat Partiyasının təkliflərini müdafiə edəcək" - deyə Müsavat başqanı bildirib.

Müsavat Partiyasının təmsil olunduğu altı müxalifət təşkilatının məşvərət şurası

da seçki qanunvericiliyinə dair təkliflər sənədi hazırlayır.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti