...

Müsavatçı deputatın partiya sıralarını tərk etməsi mümkündür

Siyasət Materials 20 Oktyabr 2007 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müsavat Partiyasının Məclis üzvü, deputat Nəsib Nəsiblinin, partiyanın Avropa Liberal-Demokrat İslahatçı Partiyası (ALDİP) adlı beynəlxalq quruma daxil olmasına etiraz olaraq, Müsavatın sıralarından istefa verməsi mümkündür. Bu barədə şənbə günü Trend ə Nəsibli özü açıqlama verib.

ALDİP-nin oktyabrın 18-də Almaniyada keçirilən qurultayında iştirak edən Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyasının bu quruma üzv olmaq istəyi barədə açıqlama verib. Onun müraciəti əsasında, Müsavat Partiyası ALDİP-ə tamhüquqlu üzv qəbul edilib.

Müsavat milli-demokartik ideologiyanı təbliğ edən milliyyətçi partiyadır. Onun liberal təmayüllü təşkilata qoşulmasına etiraz olaraq,Nəsibli cümə günü Məclis üzvlüyündən istefa verib.

Nəsibli bildirib ki, Müsavatın ideologiyası liberal islahatçı ideologiyadan fərqlənir: "Müsavatın təməl prinsiplərində liberal dəyərlər mövcuddur. Lakin Müsavat Azərbaycanda milliyyətçi, milli-demokratik prinsiplərin qatı müdafiəçisi rolunda çıxış edən yeganə partiya olub. Ona görə də mən Məclis üzvlüyündən çıxmaq barədə ərizə vermişəm"-deyə Nəsibli bildirib.

O, əlavə edib ki, partiyanın Nizamnaməsinə əsasən, partiya üzvlərinin seçkili orqanlardan istefası barədə müraciəti müzakirəsiz qəbul edilməlidir. Ona görə də Nəsiblinin ərizəsinin qəbul edilməməsi mümkün deyil.

Nəsibli nəzəri cəhətdən partiya üzvlüyündən də çıxmasının mümkün olduğunu deyib. Lakin hazırda o, partiya üzvlüyündə qalır.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti