...

"LUKoyl"a basqın edənlərdən birinin hərbi hissədən qaçan vəhabi zabit olduğu müəyyənləşdirilib

Siyasət Materials 2 Noyabr 2007 11:32 (UTC +04:00)
"LUKoyl"a basqın edənlərdən birinin hərbi hissədən qaçan vəhabi zabit olduğu müəyyənləşdirilib

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli, K.Zərbəliyeva/ "LUKoyl" yanacaqdoldurma məntəqəsinə silahlı basqın edənlərin şəxsiyyəti müəyyənləşdirilib. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən cümə günü Trend ə bildiriblər ki, hadisə bir neçə gün öncə Xanlardakı N saylı hərbi hissədən silah-sursat götürərək qaçan zabit Kamran Əsədov tərəfindən törədilib.

Oktyabrın 30-dan 31-nə keçən gecə Bakının Nizami rayonu ərazisində, H.Əliyev prospektindəki "Lukoyl" yanacaqdoldurma məntəqəsinə maskalılar basqın edib. Nizami rayon prokurorluğundan çərşənbə günü Trend ə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin quldurluq (181) və qanunsuz odlu silah gəzdirmə, saxlama (228) maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb. Hadisə yerində olan Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Şahmar Paşayev jurnalistlərə açıqlamasında bildirib ki, hadisə təxminən saat 23 radələrində baş verib. Basqın zamanı orada müştəri qismində taksi kimi istifadə edilən "Jiquli" markalı avtomobil olub. 3 nəfər əli avtomatlı şəxs həmin vaxt operatorlara yaxınlaşaraq, pul tələb edib.

Paşayevin dediyinə görə, basqınçılar yanacaqdoldurma məntəqəsindən 2 min 800 manat məbləğində pul götürüblər.

Əsədov bir neçə gün öncə Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonundakı N saylı hərbi hissədə 4 ədəd avtomat silah, 1 ədəd PK pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və digər hərbi ləvazimat oğurlayaraq, hərbi hissəni özbaşına tərk edib. Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat tədbirləri zamanı bəlli olub ki, Əsədov radikal vəhabi dini təriqətə qulluq edir və cinayəti bir qrup şəxslə törədib. Əsədov və qrupun digər üzvləri silah-sursatın və hərbi ləvazimatın bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər. MTN tərəfindən oktyabr ayının 27-də Bakının Maştağa qəsəbəsi, Bağ massivi ev-104 ünvanında keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərdən bir qrupu yaxalanıb. Əməliyyat zamanı qrupun bir üzvü müqavimət göstərməyə cəhd edərkən məhv edilib. Azərbaycanın hüquq-mühafizə orqanlarına radikal dini qrupların ölkənin strateji obyektlərində, o cümlədən diplomatik korpuslarında terror törədəcəkləri bəlli olub.

Mənbə bildirib ki, Əsədov cinayəti iki nəfərlə birgə törədib. Əməliyyatçılar artıq cinayətkarların izinə düşüb.

Respublika Prokurorluğundan "LUKoyl" yanacaqdoldurma məntəqəsinə silahlı basqın edənlərin şəxsiyyətinin müəyyənləşdirildiyini təsdiqləyiblər.

Xəbər lenti

Xəbər lenti