...

Müsavat deputat qrupunda fikir ayrılığı yaranıb

Siyasət Materials 6 Dekabr 2007 17:09 (UTC +04:00)
Müsavat deputat qrupunda fikir ayrılığı yaranıb

Azərbaycan, Bakı Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentində müxalifəti təmsil edən deputatların qrupunun yaradılması ilə bağlı məsələ Müsavat deputat qrupunun üzvləri arasında fikir ayrılığı yaradıb. "Azərbaycan parlamentində müxalifəti təmisil edən deputatların qrupunu yaratmağa ehtiyac yoxdur. Bununla bağlı heç vaxt təşəbbüs göstərilməyib və bu məsələ ciddi şəkildə müzakirə olunmayıb. Müsavat deputat qrupunun üzvləri müxalifət deputat qrupunun yaradılmasını zəruri hesab etmir", -deyə cümə axşamı parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü, Müsavat Partiyası başqanının müavini Arzu Səmədbəyli bildirib.

Azərbaycan parlamentində 17 nəfər müxalifətçi deputat var. Hazırda beş nəfərdən ibarət Müsavat deputat qrupu fəaliyyət göstərir. 2005-ci ilin parlament seçkilərindən sonra yaradılan Müxalifət deputat qrupu ötən il fəaliyyətinə xitam verib.

Müsavat deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn bildirib ki, Müsavat rəhbərliyinin, partiyanı təmsil edən deputatların müxalifətin daha geniş tərkibli qrupunda təmsil olunmasına razılıq verməməsi, hakimiyyətin bəzi deputatlara təzyiq göstərməsi, parlamentdə qrup yaratmağa imkan verməyib.

Lakin Səmədbəyli Hüseynin dediklərini təkzib edib: "Bununla bağlı deyilənlər həqiqət deyil. Çünki Müsavat Partiyasında belə bir məsələ müzakirə olunmayıb. Eyni zamanda, müxalifətçi deputatların qrupunun yaradılması ilə bağlı müzakirələr, əsasən, mətbuatda aparılıb. Sonra da deyiblər ki, bu baş tutmadı. Əslində, bununla bağlı ciddi müzakirələr olmayıb".

Müsavat deputat qrupunun digər üzvü, millət vəkili Nəsib Nəsibli isə bildirib ki, parlamentdə müxalifəti təmsil edən deputatların qrupunun yaradılması məsələsini uzun müddət müzakirə ediblər: "Lakin müxalifətçi deputatların qrupunu yaratmaq mümkün olmadı. Mən bunun səbəblərini şərh etmək istəmirəm".

Nəsibli vurğulayıb ki, belə bir qrupun yaradılması zəruridir.

Xəbər lenti

Xəbər lenti