...

"Müxalifətin Seçki İslahatı Mərkəzi" yaradıla bilər

Siyasət Materials 11 Dekabr 2007 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanda 20-dən artıq müxalifət partiyasının iştirakı ilə "Müxalifətin Seçki İslahatı Mərkəzi" yaradıla bilər. Bu barədə "Bizim Azərbaycan" blokunun sədri Vüqar Bəyturan açıqlama verib.

20-dən çox siyasi partiya - "Bizim Azərbaycan" Blokuna daxil olan 8 partiya, Klassik Xalq Cəbhəsi, Milli Demokrat, Azadlıq, Azərbaycan Milli İstiqlal, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Ümid, Böyük Quruluş, Açıq Cəmiyyət, Vətəndaş Həmrəyliyi, Sosial Demokrat, Təkamül partiyaları, "Azərbaycan Yolu Siyasi Hərəkatı" bir aydan artıqdır ki, birgə müzakirələr aparırlar. Bu partiyalar seçki mühitinin demokratikləşdirilməsi, Seçki Məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı birgə təkliflər hazırlamaq qərarına gəliblər.

Bəyturan bildirib ki, sabah - çərşənbə günü bu partiyalar arasında əməkdaşlığa dair sənəd imzalanacaq. Bundan sonra isə, "20-lik" formatında yeni qurumun təsis edilməsi istiqamətində danışıqlara başlanılacaq.

Əməkdaşlıq sənədində gələn il keçiriləcək prezident seçkisində vahid namizədlə iştirak barədə öhdəlik olmayacaq. Bu partiyalar bir-birinə qarşı təbliğat aparmamaq, birlik əhval-ruhiyyəsinə uyğun davranmaq, seçkidə saxtakarlıq cəhdlərinə qarşı birgə mübarizə aparmaq, yığılan səslərin arxasında dayanmaq kimi öhdəliklər götürəcəklər.

Bəyturan "20-lik" formatının "Müxalifətin Seçki İslahatı Mərkəzi"nə çevrilməsini də təklif edib və dediyinə görə, digər partiyalar bu təklifi müsbət qarşılayıblar.

Xəbər lenti

Xəbər lenti