...

Müxalifət partiyaları yeni blokların yaranmasının əleyhinədir

Siyasət Materials 17 Dekabr 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın əksər müxalifət partiyaları siyasi blokun yaradılmasının əleyhinədir. Bu barədə Trend ə açıqlamalarında partiya sədrləri bildiriblər.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib ki, o, heç bir partiya ilə bir qurumda təmsil olunmaq, hətta əməkdaşlıq sazişləri belə imzalamaq niyyətində deyil.

"Mən Azərbaycanın son 18 illik siyasi tarixində dəfələrlə şahidi oldum ki, siyasi partiyalar özləri vədlərinə dönük çıxıb, öz imzalarını ayaqlar altına atıblar"-deyə Əlizadə bildirib.

ASDP rəhbəri bildirib ki, 2000-ci ildə 22 siyasi partiyanın parlament seçkilərini boykot etmək barədə imzaladığı razılaşmaya yalnız üç partiyanı birləşdirən Azərbaycançı Qüvvələr Birliyi sadiq qaldı. Həmçinin seçkilərin BMT tərəfindən keçirilməsi barədə müxalifətin razılaşmasını sonradan aparıcı müxalifət liderləri - Əbülfəz Elçibəy və İsa Qəmbər pozdu. O, sol təmayüllü qüvvələri birləşdirən yeganə qurum "Sosialist Azərbaycan" blokunun da dağılmağa məhkum olduğunu deyib: "Azərbaycanda sağ və solçu siyasi partiyaların uzunömürlü birliyi mümkün deyil"-deyə Əlizadə bildirib.

Ümid Partiyasının sədri İqbal Ağazadə Trend ə açıqlamasında bildirib ki, onun partiyası heç bir bloka qoşulmayacaq: "1993-cü ildən bu yana müxalifətin müxtəlif qurumları - Müxalifətin Koordinasiya Mərkəzi, Siyasi Əməkdaşlıq Mərkəzi və digər qurumlar heç bir nəticəyə nail olmadan dağıldı"-deyə Ağazadə bildirib.

O əlavə edib ki, hər partiyanın öz maraqları olduğu üçün bir qurum altında fəaliyyət göstərmək problemə çevrilir.

Müxalifəti təmsil edən Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı da Trend ə açıqlamalarında bildiriblər ki, onlar yenidən müxalifətin bloklaşmasının əleyhinədirlər.

"Bir çox müxalifət partiyası var ki, biz özümüzü onlarla bir blokda görmürük, bir qurumda əməkdaşlıq edə bilmərik"-deyə Həsənquliyev bildirib. Lakin o, özünə rəqib gördüyü müxalifət partiyalarının adlarını açıqlamayıb.

Müxalifətçi üç iri partiya - AXCP, ALP və VİP "Azadlıq" blokunda, Klassik Xalq Cəbhəsi, Milli Demokratiya və Azadlıq partiyaları isə "Demokratiya Uğrunda İttifaq"da təmsil olunurlar.

Xəbər lenti

Xəbər lenti