...

Azərbaycanın ictimai-siyasi qurumları Türkiyədə millətçilərin həbsinə etiraz edir

Siyasət Materials 23 Yanvar 2008 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın ictimai, siyasi qurumları Türkiyədə millətçi kimi tanınan şəxslərin həbsini pisləyir və Türkiyə hökumətini onların azadlığa buraxmağa çağırır.

İstanbul Polis İdarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları dünən, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, general Vəli Küçük Paşa, hüquqşünas Kamal Kerinçsiz, jurnalist Gülər Kömürçü, "Kuvayi Milliyə" təşkilatının rəhbəri Fikrət Qaradağ, kriminal aləmdə böyük nüfuza malik Əli Yasak, vəkil Fuat Turqut və başqa şəxslər olmaqla, 50 nəfəri həbs edib. Rəsmi açıqlamalar verilməsə də, həmin şəxslərin erməni jurnalist Qrant Dinkin ölümü ilə əlaqəli olduğu ehtimal edilir.

Qarabağ Azadlıq Təşkilatı (QAT) hesab edir ki, bu hadisə Türkiyənin islam və türk dünyasında mövqelərinə ağır zərbə vurur. "Bu insanların hər biri türk və islam dünyasında sevilir, millətsevərlikləri, türk dünyasına sədaqətləri ilə seçilirlər. Onlar hər zaman Azərbaycanın problemlərinə ürəkdən yanmış, öz səylərini əsirgəməmişdilər"-deyə QAT-ın çərşənbə günü yaydığı bəyanatında bildirilir.

QAT hesab edir ki, bu həbslə Türkiyənin hüquq-mühafizə orqanları tələskənliyə yol verib, bəzi Qərb dövlətlərinin ermənipərəst mövqeyinin təsiri altına düşərək, yanlış addım atıb. QAT-ın mövqeyinə görə, rəsmi Ankara Türkiyənin, Azərbaycanın görkəmli dövlət və siyasi xadimlərini qətlə yetirmiş erməni terrorçularına bəraət verərək, öz türk vətəndaşlarına qarşı ölüm hökmü çıxarmış Türkiyə məhkəmələrinin acı təcrübəsini təkrarlamamalıdır.

"Bizim Azərbaycan" Blokunun sədri, Türk Millətçi Partiyasının başqanı Vüqar Bəyturan da sözügedən həbslə bağlı etiraz bəyanatı yayıb. Onun fikrincə, ömrünü və fəaliyyətini türk millətinə xidmətə həsr edən həmin nüfuzlu şəxslərin həbsi onları gözdən salmaq, hakimiyyətin mövqelərini gücləndirmək məqsədi daşıyır. "Bu həbslərin arxasında erməni-PKK mafiyası dayanır. Həmçinin, AKP rejimi bu addımı atmaqla, öz ömrünü uzatmaq üçün Avropa Birliyinə jest etmək istəyir" - deyə Bəyturan bildirib.

Azəri-Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı da etiraz bəyanatı yayıb. O, hesab edir ki, Türkiyənin düşməni olan daxildəki qüvvələr vətənpərvər insanları susdurmaq üçün ən son vasitəyə əl atıblar. "Sevgi Erenerolun və digər vətənsevərlərin əsassız və yalan iddialarla həbs olunması Türkiyədə demokratik təsisatların çöküşünün göstəricisidir. Türk milliyyətçiləri gözəl bilirlər ki, həbs olunanların yeganə günahı Türkiyəni sevməkdir" - deyə xanım Rüstəmxanlı bildirib.

Etirazlarını bildirən Azərbaycanın ictimai, siyasi xadimləri həbs edilən türkiyəli millətçilərin azadlığa buraxılmasını tələb edirlər.

Xəbər lenti

Xəbər lenti