...

Gürcüstanda parlament seçkilərində pozuntular prezident seçkilərində olduğundan çoxdur – müxalifət lideri

Siyasət Materials 21 May 2008 16:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 may/ Trend , müxbir E.Rüstəmov/ Çərşənbə günü Gürcüstanda keçirilən parlament seçkiləri, pozuntuların sayına görə, yanvarda keçirilən prezident seçkilərini ötüb. "Pozuntuların sayına görə, mən hətta bu seçkiləri prezident seçkiləri ilə müqayisə edə bilmərəm. Biz pozuntunun bu qədər olacağını gözləmirdik", - Gürcüstanın "Birləşmiş Müxalifət"inin liderlərindən biri David Qamkrelidze hesab edir.

Gürcüstanda mayın 21-də keçirilən səsvermə hakim "Milli Hərəkat" partiyası və prezident seçkilərində məğlubiyyətdən sonra revanş götürmək istəyən müxalifət arasında kəskin siyasi mübarizə şəraitində keçir. Seçicilərin səsi və müvafiq olaraq, deputat mandatları uğrunda doqquz partiya və üç blok mübarizə aparır.

"Yerli administrasiya, "Milli Hərəkat"ın nümayəndələri polislə birlikdə seçki məntəqələrinə daxil olur və Birləşmiş Müxalifətdən olan seçki komissiyası üzvlərini qovurlar. Bir çox məntəqələrdə barmaqların işarələnməsi üçün maye ya heç yoxdur, olanı da sudur", - "Yeni Sağlar" partiyasının lideri Qamkrelidze Trend -a bildirib.

"Mənim seçkilərlə bağlı böyük təcrübəm var və həyatımda buna bənzər bir şey görməmişəm. Bu seçki yox, hansısa kriminal aktdır, - Qamkrelidze söyləyib. - Yerli rəhbərlər hakim partiya ilə birlikdə terrorçuluq fəaliyyəti göstərir, bizim komissiya üzvlərimizi zorla çıxarır, onlara divan tutur, sonra isə seçkiləri özləri keçirirlər". Qamkrelidzenin sözlərinə görə, bu, müxalifət üzvlərinə divan tutmaqdır.

Qamkrelidze Gürcüstan rəhbərliyini soyuqqanlılığa, bütün problemlərin dərhal həll edilməsinə və müxalifət nümayəndələrinə münasibətdə kobud pozuntuların dayandırılmasına çağırıb. "Əks halda, xalq əlinə dəyənək alıb, ölkə rəhbərliyini kabinetlərindən qovmağa gedəcək", - o bildirib.

Qamkrelidze qeyd edib ki, ən ciddi pozuntulara Qardabani, Borjomi, Xaşuri, Tianeti, Müxeta, Çoxatouri, Dedopliükaro və Siqnaqi rayonları məruz qalırlar.

Xəbər lenti

Xəbər lenti