...

Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regionda təhlükə və gərginliyi artırır – Azərbaycan prezidenti

Siyasət Materials 19 İyun 2008 14:23 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regionda təhlükə və gərginliyi artırır – Azərbaycan prezidenti

Azərbaycan, Bakı, 19 iyun/ Trend , müxbir A.İsmayılova/ Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regionda təhlükə və gərginliyi artırır, Azərbaycan parlamentinin yaradılmasının 90 illiyi ilə əlaqədar bu gün Milli Məclisdə çıxış edən Azərbaycan prezidenti bildirib.

Mərasimdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndələri iştirak edirlər.

"Bu münaqişə yalnız Azərbaycana və Ermənistana aid deyil. Bu, regionun təhlükəsizliyi, layihələr üçün təhlükə, əməkdaşlıq üçün maneədir", - İlham Əliyev bildirib.

O xatırladıb ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması haqqında dörd qətnamə qəbul edib.

Prezident həmçinin ATƏT, Avropa Şurası, İKT, GUAM kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəklədiklərini vurğulayıb. O, beynəlxalq ictimaiyyətin dəstəyinə baxmayaraq "münaqişənin həll olunmamış qalması" ilə bağlı təəssüf etdiyini bildirib.

"Beynəlxalq ictimaiyyət nəyə görə isə bu məsələyə biganə yanaşır. Biz münaqişənin dinc yolla həll edilməsinin tərəfdarrıyıq. Lakin beynəlxalq təşkilatlar özlərinə hörmət etməli və Azərbaycan ərazilərinin azad edilməsini tələb etməlidirlər. Bu halda regionda sülh olacaq", - İlham Əliyev bildirib.

Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın mövqeyini digər ölkə parlamentləri nümayəndələrinin diqqətinə çatdırıb. "Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, erməni hərbi qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Bundan sonra Qarabağda erməni və azərbaycanlıların birgə yaşaması üçün tədbirlər görülməlidir və region ən yüksək idarəetmə statusu alacaq", - o bəyan edib.

Bakıda iclasda Türkiyə, Gürcüstan, Türkmənistan, Pakistan, Belarus və digər ölkələrin parlamentlərinin spiker və vitse-spikerləri iştirak edirlər. Bayram çərçivəsində bir sıra mədəni-kütləvi tədbirlər, Bakının görməli yerlərinə baxış, Azərbaycanın mədəni-tarixi irsi ilə tanışlıq keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti