...

Azərbaycanın prezidenti RF Dağıstan Respublikasının prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Siyasət Materials 27 İyun 2008 00:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyun / Trend / Azərbaycanın prezidenti İlham Əliyev iyunun 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Əvvəlcə prezidentlərin təkbətək görüşü oldu. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsindən, bu baxımdan ölkəmizin Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Dağıstan Respublikası ilə əməkdaşlığının uğurla davam etdirilməsindən məmnunluq ifadə olundu. Dağıstan Respublikasının Prezidenti Muxu Əliyevin respublikamıza səfərinin Azərbaycan ilə Dağıstan arasında əlaqələrin iqtisadi və digər sahələrdə genişləndirilməsinə xidmət etdiyi bildirildi.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirildi. Dağıstan Prezidenti Muxu Əliyevin Azərbaycana ötənilki səfərini xatırladan Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin, o cümlədən respublikamızla Dağıstan arasında əlaqələrin genişlənməsindən məmnunluğunu vurğuladı. Dövlətimizin başçısı bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və yeni sahələri əhatə edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Dağıstan Prezidenti Muxu Əliyevin ölkəmizə səfərinin nəticələrinin səmərəli olacağına inamını ifadə etdi.

Dağıstan Prezidenti Muxu Əliyev ötən səfərlərdə olduğu kimi, bu dəfə də Dağıstan nümayəndə heyətinə Bakıda göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. O, Dağıstan xalqının ən xoş arzularını Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırdı. Azərbaycan ilə Dağıstan arasında ənənəvi tarixi, mədəni yaxınlığın olduğunu diqqətə çatdıran Prezident Muxu Əliyev, Bakıya növbəti səfərinin də əlaqələrin daha da inkişafına xidmət etdiyini bildirdi.

Xəbər lenti

Xəbər lenti