...

Azərbaycanda seçkidə iştirakdan imtina edən aparıcı müxalifət partiyası kütləvi tədbirlərə hazırlaşır

Siyasət Materials 15 Avqust 2008 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Müsavat Partiyası prezident seçkilərini kənardan müşahidə etmək niyyətində deyil.

"Həm bütövlükdə sərbəst toplaşmaq azadlığının bərpa olunması istiqamətində, həm də seçki kontekstində kütləvi tədbirlər keçirməyi düşünürük. Çünki qanunvericiliyə görə, seçki kampaniyası zamanı yalnız seçkidə iştirak edən qüvvələr yox, seçkidə iştirak etməyən qüvvələrin də kütləvi tədbirlər keçirmək, mövqe bildirmək hüquqi qeyd olunub", - cümə günü Trend -a Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyədək 14 iddialı seçkiyə qoşulmaq üçün sənədlərini MSK-ya təqdim edib. Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf) təmsil olunduğu "Azadlıq" bloku, Klassik Xalq Cəbhəsi, Açıq Cəmiyyət, Müsavat, Vətəndaş Həmrəyliyi, Demokrat, Böyük Quruluş, Azadlıq partiyaları, o cümlədən "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov isə, seçkidə iştirakdan imtina ediblər.

Qəmbər vurğulayıb ki, hazırda kütləvi tədbirlər variantı araşdırılır və bununla bağlı vaxtı çatanda qərarlar qəbul edilə bilər. Müsavatın seçkiləri müşahidə edib-etməyəcəyinə gəlincə isə, Qəmbər deyib ki, hələlik bununla bağlı son qərar verilməyib.

"Müsavat Məclisinin avqustun 2- də qəbul olunan qərarında yazılıb ki, seçkilərin müşahidə olunması istiqamətində digər siyasi qüvvələrlə, QHT-lərlə məsləhətləşmələr aparılsın. Əgər məsləhətləşmələrdə ümumi fikir olacaqsa, o zaman müşahidə haqqında düşünəcəyik. Ona görə də, yalnız məsləhətləşmələrdən sonra müşahidəçiliklə bağlı qərar veriləcək" - deyə o əlavə edib.

Qəmbər Müsavat Məclisinin seçkidə iştirakdan imtina qərarının partiya daxilində narazılıq yaratması ilə bağlı fikirləri təkzib edib. "Partiya daxilində heç bir rayon təşkilatı və seçkili kollegial orqanlarda mövqe tutan şəxslər seçkidə iştirakdan imtina qərarına hər hansı bir etiraz bildirməyiblər. Partiyanın sıravi üzvləri arasında seçkidə iştirakla bağlı fərqli fikir ola bilər və bu da normaldır" - deyən Müsavat başqanı onu da bildirib ki, partiyanın prezident seçkisində iştirakdan imtinası 2009 - cu il bələdiyyə, 2010 - cu il parlament seçkilərinə hazırlığına mənfi təsir göstərməyəcək.

Müsavat Partiyası 1911- ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının III (Bərpa) Qurultayı 1992- ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Azərbaycan parlamentinin spikeri (1992 - 93 - cü illərdə) və 2003 - cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya 4 nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti