...

Azərbaycan zabitinin Macarıstandan ekstradisiyası ilə bağlı məsləhətləşmələr aparılır- parlamentin sədri

Siyasət Materials 6 Sentyabr 2008 14:48 (UTC +04:00)
Azərbaycan zabitinin Macarıstandan ekstradisiyası ilə bağlı məsləhətləşmələr aparılır- parlamentin sədri

Azərbaycan, Bakı, 06 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Budapeştdə erməni zabitini qətlə yetirməkdə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilən Azərbaycan ordusunun baş leytenantı Ramil Səfərovun ekstradisiyası ilə bağlı Azərbaycanla Maracıstan arasında məsləhətləşmələr aparılır. Bu barədə Macarıstan parlamentinin sədri Katalin Sili şənbə günü Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşündə məlumat verib.

Trend -un arayışı: 2004 -cü ilin fevralında erməni zabitini qətlə yetirməkdə ittiham olunan Səfərov Budapeşt şəhər məhkəməsinin 13 aprel 2006- cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

"Görüşdə Ramil Səfərovun Azərbaycana ekstradisiyası məsələsi müzakirə olundu. Katalin Sili qeyd etdi ki, məsləhətləşmələrin hələlik nəticəsi yoxdur, lakin özü də Ramil Səfərovun Azərbaycana ekstradisiyasına çalışır. Mən ondan xahiş etdim ki, bununla bağlı addımlar atsın", - deyə görüşdə iştirak edən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Onun sözlərinə görə. görüşdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın üzləşdiyi problemlər müzakirə olunub.

"Parlamentin sədri qeyd etdi ki, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir. Eyni zamanda, Cənubi Qafqazda yaranmış təhlükəli vəziyyət müzakirə edildi", - deyə Qəzənfəroğlu əlavə edib.

Görüşdə Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi, Demokratik İslahatlar, Böyük Quruluş və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının təmsilçiləri iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti