...

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəhbəri şimal sərhədlərində təhlükənin olduğunu bildirib (video)

Siyasət Materials 19 Sentyabr 2008 16:10 (UTC +04:00)
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəhbəri şimal sərhədlərində təhlükənin olduğunu bildirib (video)

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın şimal sərhədlərində hər an təhlükə gözlənildiyindən, Azərbaycan və Rusiya hüquq - mühafizə orqanları tərəfindən əməliyyatlar davam etdirilir. Bunu cümə günü keçirdiyi mətbuat konfransında Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev deyib.

"Azərbaycanın şimal sərhədlərində son vaxtlar baş verən hadisələr hər iki dövlətin sərhəd xidmətlərinin diqqət mərkəzindədir " - MDB Sərhəd Qoşunları Şurasının Bakıda keçirilən iclasından sonra keçirilən mətbuat konfransında Quliyev deyib.

Bir müddət əvvəl Azərbaycanın şimal sərhədlərini keçməyə cəhd göstərmiş qanunsuz fəaliyyət göstərən "Meşə qardaşları" təşkilatı üzvlərinin zərərsizləşdirilməsi üçün həmin ərazidə əməliyyat keçirilib.

Əməliyyat zamanı onlardan 13 nəfəri yaxalanaraq məsuliyyətə cəlb olunub, çoxlu sayda odlu silah və döyüş sursatı, partlayıcı qurğular və sxemlər, təlimatlar, xüsusi rabitə vasitələri, müxtəlif xəritələr, dağ - meşə şəraitində döyüş taktikası üzrə metodiki vəsaitlər, hərbi təyinatlı ləvazimatlar və s. aşkar olunaraq götürülüb.

Məlum olub ki, İlqar Mollaçiyev və Samir Mehdiyev "Meşə qardaşları" adlı silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, respublikanın şimal rayonlarında qanunsuz hərbi birləşmələr yaratmağı və bütövlükdə Azərbaycanda ictimai - siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırıblar.

Quliyev bildirib ki, bu il ərzində şimal sərhəd ərazilərinin sərhəd infrastrukturu ilə təmin olunması tam başa çatacaq. Onun sözlərinə görə, gələn il bu ərazilərdə xüsusi texnikalar tətbiq olunacaq və bu, həmin ərazilərin mühafizə səviyyəsini 90 -100 faizə çatdıracaq.

Bu ilin sonunadək həmin ərazilərdə prezidentin tapşırığı ilə tikinti- quraşdırma işləri tam başa çatacaq.

DSX - nin rəisi deyib ki, gələn il əlavə texniki avadanlıqlar tətbiq etməklə, Azərbaycanın sərhədlərinin mühafizəsi, səviyyəsinə görə, dünyada yüksək yerlərdən birini tutacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti