...

Türkiyə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olduğu müddətdə dünyada sülhün əldə olunması üçün fəaliyyət göstərəcək (video)

Siyasət Materials 20 Oktyabr 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Türkiyə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olduğu müddətdə dünyada sülhün əldə olunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyət göstərəcək. "Türkiyə dünyada sülh üçün çalışır və bu fəaliyyətini davam etdirəcək", - bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulisi Qılıc bazar ertəsi Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Trend - un arayışı: Türkiyə oktyabrın 17-də BMT Təhlükəsizlik Şurasının müvəqqəti (2009-2010-cu illər) üzvü seçilib. Təhlükəsizlik Şurasında Qərbi Avropa ölkələrini təmsil etmək üçün üç dövlət-Türkiyə, Avstriya və İslandiya mübarizə aparıb. Türkiyə səsvermədə iştirak edən 192 ölkədən 151-nin dəstəyini qazanıb. Avstriyaya 132, İslandiyaya 87 ölkə səs verib.

"Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi Türkiyənin son illər həyata keçirdiyi fəaliyyətin nəticəsidir. Son illər Türkiyə diplomatiyası böyük işlər görüb. Türkiyə bəzi ölkələrin onun əleyhinə fəaliyyət göstərməsinə baxmayaraq, yetərli səs toplaya və Təhlükəsizlik Şurasına müvəqqəti seçilə bilib", - deyə səfir əlavə edib.

Qılıc bildirib ki, Türkiyənin xarici siyasəti dünyada sülhün əldə olunması istiqamətində qurulub. Onun fikrincə, Türkiyənin son illər bu istiqamətdə həyata keçirdiyi fəaliyyət dünya ölkələri tərəfindən təqdir olunur: "Rəsmi Ankara dünyada sülhün əldə olunması üçün digər ölkələrlə əməkdaşlığını davam etdirəcək".

Diplomat hesab edir ki, Təhlükəsizlik Şurasına müvəqqəti üzvülük Türkiyənin bölgədəki "yumşaq güc" olaraq daha aktiv bir missiyanı öz üzərinə götürməsini asanlaşdıracaq: "Türkiyə bölgədə və dünyada sülh, sabitlik və əminamanlıq naminə problemlərin həllində rol oynayan bir güc olmağa, sivlizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqun və koordinasiyanın yaradılmasına öz töhfəsini verməyə davam edəcək".

Səfir əlavə edib ki, Azərbaycan dünyada sülhün əldə olunması və Təhlükəsizlik Şurasına üzv olmaq məsələsində Türkiyədən öz dəstəyini əsirgəməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti