...

Azərbaycanda iqtidar - müxalifət dialoquna bütün siyasi qüvvələr cəlb olunmalıdır - partiya sədri

Siyasət Materials 15 Dekabr 2008 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müxalif Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa iqtidar - müxalifət dialoquna bütün siyasi qüvvələrin cəlb olunmasını məqsədəuyğun hesab edir.

"Bütün siyasi qüvvələr arasında dialoq mütləq baş tutmalıdır. Hər kəs qəbul etməlidir ki, Dağlıq Qarabağ problemindən tutmuş, siyasi partiyalar arasında münasibətədək, məsələlərin həlli dialoqdan keçir", - deyə Mustafa bazar ertəsi Trend - a bildirib.

Trend - un arayışı: 2005 - ci ilin parlament seçkiləri ərəfəsində ATƏT-in Bakı ofisinin vasitəçiliyi ilə müxalifət, hakim və hakimiyyətyönlü partiyalar arasında bir necə görüş keçirilib. Sonradan dialoqu davam etdirmək mümkün olmayıb. Bu il oktyabrın 15 - də keçirilən prezident seçkisində bir neçə müxalifət partiyası YAP-ın namizədini dəstəkləyib. Seçkidən sonra YAP-ın bu partiyalarla dialoqu məsələsi yenidən gündəmə gəlib.

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov ötən həftə Trend -a deyib ki, partiya müxalifətlə heç bir şərt irəli sürmədən dialoqa hazırdır.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev isə, mətbuata məlumat verib ki, iqtidar partiyasının təşkilatçılığı ilə yanvar ayında iqtidar - müxalifət dialoqunun keçiriləcəyi nəzərdə tutulur. Həsənquliyev dialoqda hansı siyasi qüvvələrin iştirak edəcəyi barədə məlumatının olmadığını deyib.

Mustafanın sözlərinə görə, iqtidar - müxalifət dialoqunda siyasi partiyaların rolunun və funksiyalarının artırılması məsələləri də müzakirə olunmalıdır.

Trend - un arayışı: Müxalifətyönlü Böyük Quruluş Partiyası 2004 - cü ildə yaradılıb, 2005 - ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Fazil Mustafa (Fazil Qəzənfəroğlu) Milli Məclisin deputatıdır. Partiya sədri bu il keçirilən prezident seçkisində namizəd olub və 2,4 faiz səs toplayıb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti