Ermənistan Prezidenti Serj Sarkisyan mayın 28-də Yerevanda 1 mart tarixində baş verən hadisələr zamanı həbs olunan insanlarla bağlı amnistiya elan edəcək. Bu barədə Ermənistan parlamentinin spikeri Ovik Abramyan Azadlıq radiostansiyasına məlumat verib. Onun sözlərinə görə, mayın 28-i, Müstəqillik günündə prezident amnistiya verəcək.
Qeyd edək ki, 18 may tarixində parlament sessiyasının gündəliyi təsdiq olunan zaman "İrs" müxalifət fraksiyasının nümayəndəsi Stepan Safaryan Ovik Abramyandan bir məsələni maraqlanıb: "Deputatlar Sasun Mikaelyan, Myasnik Malxasyan, Akop Akopyanın toxunulmazlığının bərpa olunması məsələsi nə üçün gündəliyə daxil edilməyib?". Abramyan belə cavab verib: "Biz prosesləri izləyirik. Mən əminəm ki, bu proseslər müsbətdir və müsbət nəticələr olacaq. Mən həmçinin istəyirəm ki, bizim həmkarlarımız ilə bağlı proseslər də müsbət nəticələnsin". Abramyan yalnız, "mənə inanın" deməklə söhbətin nədən getdiyini dəqiqləşdirməyib. Bu barədə Armenia Today yazır.
Xatırladaq ki, Ermənistanda siyasi vəziyyət 2008-ci il 19 fevral tarixində ölkədə keçirilən prezident seçkilərindən sonra kəskinləşib. O zaman seçkilərin nəticələri ilə razılaşmayan müxalifət sabiq prezident Levon Terpetrosyan başda olmaqla kütləvi etiraz aksiyaları keçirməyə başlamışdı.
Martın 1-də polislər "Azadlıq meydanın təmizlənməsi əməliyyatı" keçirdilər və meydana toplaşan minlərlə etirazçını döydülər. Nəticədə səkkizi mülki şəxs olmaqla on nəfər həlak oldu, 250-dən çox insan xəsarət alıb.