...

Azərbaycan-İran sərhəddində baş verən silahlı müqavimətin iştirakçıları radikal qruplaşmanın üzvləri olub

Siyasət Materials 20 İyun 2009 17:44 (UTC +04:00)
Azərbaycan-İran sərhəddində baş verən silahlı müqavimətin iştirakçıları radikal qruplaşmanın üzvləri olub

Azərbaycan, Bakı, 20 iyun/ Trend , C. Babayeva/ Azərbaycanın İran ilə sərhəddində Cəlilabad ra­­yonunun Əsədli kəndi yaxınlığında baş verən silahlı müqavimətin iştirakçıları radikal qruplaşmanın üzvləri olub. Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər za­ma­nı onların "Meşə qardaşları" kimi tanınan qanunsuz silahlı qrup­laşmanın üzv­ləri ilə yaxın əlaqədə olduqları müəyyən olunmuşdur, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun Trend -a verdiyi məlumatda deyilir.

İyunun 18-də iki şəxs Azərbaycan-İran sərhəddini qanunsuz olaraq keçməyə çalışıblar. Öncə onlara şifahi xəbərdarlıq olunub, lakin sərhəd pozucuları buna məhəl qoymayıb. Hər iki sərhəd pozucusunun əlində əl qumbaraları olub. Onlar sərhədçiləri hədələyiblər və İran sərhəddinə tərəf hərəkət etməyə başlayıblar. Sərhədçilər tərəfindən təlimata uyğun olaraq atəş açılıb. Açılan atəşdən sonra sərhəd pozucular bir-birinin ardınca əllərindəki qumbaraları partladıblar. Partlayış nəticəsində bir sərhəd pozucusu və Sərhəd xidmətinin əsgəri Elton Xaləddin oğlu (1990-cı il təvvəlüdlü) həlak olub. Sərhəd qüvvələrinin iki zabiti isə ağır yaralanıb.

Zərərsizləşdirilmiş sərhəd pozucularının üzərindən Füzuli ra­yon sakini, 1981-ci il təvəllüdlü Məm­mədov Ramin Ramiz oğluna və Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Həşimov Sadiq Vaqif oğ­lu­na məxsus Azərbaycan Respublikası vətəndaşı pasportları, pul, və 1 ədəd kompas aşkar olunaraq gö­tü­rülmüşdür.

İstintaq onların "Meşə qardaşları" kimi tanınan qanunsuz silahlı qrup­laşmanın üzv­ləri olan Azər Misirxanov və "Əbdüləziz" ləqəbli Elşən adlı şəxs­lərlə yaxın əlaqədə olduqlarını müəyyən edib, məlumatda deyilir.

Əməliyyat-istintaq qrupu müxtəlif ünvanlarda axtarışlar aparmış və həmin ünvanlarda dini təbliğatla bağlı xeyli miqdarda dini ədəbiyyat, video və SD yazılar, fotoşəkillər aşkar edərək götürmüşdür.

Faktla bağlı cinayət işi açılıb. İstintaq davam edir.

Xəbər lenti

Xəbər lenti