Azərbaycan, Bakı, 27 avqust / Trend , muxbir K.Zərbalıyeva /
Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda yolun hərəkət hissəsindəki piyada keçidlərinin sürücülər tərəfindən keçilməsinə görə, cərimələrin məbləğinin artırılması təklifi ilə çıxış edib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov cümə axşamı Trend -a bildirib ki, qanunvericilikdə qeyd olunan pozuntuya görə müəyyən edilən cərimənin məbləğinin az olması sürücülər tərəfindən yolun hərəkət hissəsindəki piyada keçidlərinin keçilməsinə şərait yaradan səbəblərdən biridir.
Trend -un arayışı: İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi yolların hərəkət hissəsinin işarələrinə riayət edilməməsinə, piyada keçidlərinin keçilməsi, habelə ara məsafəsi, dayanma, durma qaydalarının pozulmasına görə, 15 manatdan 20 manatadək miqdarda cərimə nəzərdə tutur.
Şöbə rəisinin sözlərinə görə, yol hərəkət qaydalarının pozulması ilə bağlı cərimələrin məbləğinin artırılması ilə bağlı təkliflər müvafiq qurumlara təqdim olunub və gələcəkdə bu məsələyə baxılacaq. Məcidov bildirib ki, bu pozuntuya görə Avropa ölkələrində - Almaniya, Fransa, Böyük Britaniyada cərimələrin məbləği bizdəkindən 80-100 dəfə çoxdur.
"Orada bu qayda pozuntusuna təkrarən yol vermiş sürücülərin sürücülük hüququnu məhdudlaşdırmaq sanksiyası da var. Azərbaycanda belə pozuntuya dəfələrlə yol vermiş sürücü nəzərdə tutulan məbləğdə cəriməni ödəməklə məsuliyyətdən yaxa qutara bilər", - deyə şöbə rəisi vurğulayıb.
BDYPİ rəsmisi qeyd edib ki, piyada keçidləri ilə bağlı yol hərəkət pozuntularına görə, cari ilin 6 ayında 30 mindən artıq sürücü inzibati qaydada məsuliyyətə cəlb edilib. "Qaydalara görə, piyadanın rahat hərəkətini təmin etmək məqsədilə sürücü avtomobili piyada keçidinə 5 metr qalmış saxlamalıdır. Amma sürücülər yolun piyada üçün nəzərdə tutulmuş hissəsini keçir və problemlər yaradırlar", - deyə Məcidov bildirib.
Məcidov piyadaların da yol hərəkət qaydalarına riayət etməməsinin kütləvi hal almasından narahatlıq bildirib. "Piyadaların rahat hərəkətini təmin etmək üçün son vaxtlar yeni yeraltı və yerüstü piyada keçidləri istifadəyə verilib. Buna baxmayaraq, piyadalar bu keçidlərdən istifadə etmir. Statistika göstərir ki, piyadalarla bağlı yol qəzalarına əksər hallarda onlar özləri şərait yaradırlar. Belə qəzalar əksər hallarda yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verir", - BDYPİ rəsmisi deyib.
Qanunvericilik piyadaların yol hərəkəti qaydalarını pozmasına görə 10 manat məbləğində cərimə müəyyənləşdirib. Məcidov piyadalara qarşı cərimələrin az tətbiq olunduğunu vurğulayıb və bunu obyektiv və subyektiv səbəblərlə əlaqələndirib. "Elə bu səbəbdən də piyadalar yol hərəkət qaydalarına riayət etməkdə maraqli deyillər", - BDYPİ rəsmisi bildirib.
Statistikaya görə, bu ilin 7 ayında respublikada piyadalarla bağlı 548 yol qəzasında 165 piyada ölüb, 424-ü isə xəsarət alıb. Ölən piyadaların 30-u, yaralananların isə 95-i azyaşlılar olub. Piyadalarla bağlı yol qəzaları daha çox paytaxtın Sabunçu, Nərimanov, Xətai, Səbail rayonlarının ərazilərində qeydə alınır.
Şöbə rəisinin sözlərinə görə, həmin rayonlarda qəzalarin daha çox qeydə alındığı yollarda yol polisi əməkdaşları sutkanın müxtəlif vaxtlarında hərəkəti tənzimləməyə cəlb olunurlar. Məcidov piyadalarla bağlı yol qəzalarının sayının ilbəil azaldığını bildirib və aparılan təbliğatın bu məsələdə əhəmiyyətli olduğunu vurğulayıb.
Hüquqşünas-ekspert Aslan İsmayilov isə Trend -a bildirib ki, Azərbaycanda həm piyadalarda, həm də sürücülərdə yol hərəkəti ilə bağlı mədəniyyətsizlik adi hala çevrilib. Piyada keçidlərinin keçilməsi ilə bağlı indiyədək bir nəfər sürücünün cəzalandırılmasının şahidi olmadığını deyən ekspert günahı yol polisi əməkdaşlarında görür.
Onun fikrincə, yol polisi əməkdaşı belə sürücülərə qarşı ciddi mübarizə apararsa, effektli nəticə almaq mümkündür. "Yol polisi yol qəzaları çox olan rayonlarda, yollarda vəziyyəti təhlil etməli, ümumiləşdirmə aparmalı, ölümlə nəticələnən yol qəzalarının səbəblərini müəyyən etməli, problemdən çıxış üçün konkret təkliflər hazırlamalıdır. Amma mən belə hala rast gəlməmişəm", - deyə İsmayılov vurğulayıb.
İsmayılov əhali arasında maarifləndirmə işinin aparılmasını ikinci çıxış yolu kimi görür.
Məqalə muəllifi ilə əlaqə unvanı: [email protected]