Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir S.Ağayeva /
Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov, Ermənistan KİV-in Türkiyə və Ermənistan XİN-ləri arasında diplomatik münasibətlər üzrə siyasi məsləhətləşmələrin yenidən başlanması barədə informasiyadan sonra səfirin guya təcili olaraq Bakıya çağırılması ilə bağlı məlumatını "yalan" adlandırıb.
"Öz iş yerimdəyəm, harasa getməyə də hazırlaşmıram və heç kim məni heç yerə çağırmayıb. Ermənistan KİV-in məlumatı isə sadəcə növbəti "yalandır", - Həşimov çərşənbə axşamı Ankaradan telefonla Trend -a deyib.
Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə danışıqlarda "Diplomatik münasibətlərin yaradılması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı barədə Protokol"un imzalanmasına dair "daxili siyası məsləhətləşmələr"in başlanması barədə razılığa gəliblər. Bu barədə RİA Novosti Türkiyə XİN-ə istinadən məlumat verib.
Ermənistan KİV bu gün yaydığı xəbər görə, Türkiyənin Ermənistanla diplomatik münasibətlər üzrə siyasi məsləhətləşmələrə yenidən başlamaq barədə qərarına etiraz əlaməti olaraq Azərbaycan Ankaradan öz səfirini çağırıb.
"Ermənilər öz məlumatlarında Türkiyə KİV-nə istinad edirlər. Türkiyə KİV-də isə bu barədə bir kəlmə də yoxdur", - səfir deyib.
"Ermənistan-Türkiyə sərhədlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi nizamlanmadan açılması Azərbaycanın milli maraqlarına ziddir", - rəsmi Bakı hesab edir.
"Sözügedən məsələ üzrə Azərbaycanın mövqeyi Türkiyə Respublikasının yüksəkvəzifəli şəxslərinin çoxsaylı bəyanatlarına əsaslanır. Belə ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu il mayın 14-də Azərbaycan Milli Məclisində çıxış edərkən bildirib: "Türkiyə Ermənistanla sərhədlərini bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsindən sonra bağlayıb. Sərhədlər işğaldan sonra açıla bilər. Azərbaycanlı qardaşlarımız bununla razılaşmayınca biz öz mövqeyimizdən bir addım da geri çəkilməyəcəyik", - XİN-in çərşənbə axşamı yayılan bəyanatında deyilir.
"Azərbaycanın Xarici İşlər Nazirliyi bir daha bildirir ki, digər dövlətlərlə münasibətlərin müəyyənləşdirilməsi prinsipial planda istənilən dövlətin suveren hüququdur. Lakin nəzərə alsaq ki, sözügedən məsələ birbaşa Azərbaycanın milli maraqlarına toxunur, Ermənistan-Türkiyə sərhədlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi nizamlanmadan açılması Azərbaycanın milli maraqlarına ziddir", - Azərbaycan XİN bildirir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]