Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Bakının Parlament prospekti və Mehdi Hüseyn küçəsinin əsaslı bərpa və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Bərpa və yenidənqurma işləri barədə dövlət başçısına məlumat verilib və bildirilib ki, təmir işləri qısa vaxt ərzində yüksək standartlara uyğun şəkildə başa çatdırılıb. Qeyd olunub ki, 1,6 kilometr yola yeni asfalt örtüyü döşənib. Yol boyu səkilər - 3,2 kilometr ərazi qranit səki daşları ilə əvəzlənib. Prospekt və küçədə xüsusi materialdan hazırlanmış yol-nişanlama xətləri çəkilib. Bu yol-nişanlama xətləri gecələr nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün çox əhəmiyyətlidir. Bildirilib ki, asfalt örtüyü döşənməzdən əvvəl bütün kommunikasiya quyularının avadanlığı tamamilə dəyişdirilib. Almaniya istehsalı olan bu avadanlıq xüsusi maddələrin köməyi ilə quraşdırılıb. İşıq sistemi təzələnib və abadlıq işləri aparılıb.
Həyata keçirilən təmir və yenidənqurma işləri ilə tanış olan dövlət başçısı müvafiq tövsiyə və tapşırıqlarını verib.