Türkiyə, Ankara , 9 fevral / Trend , müxbir H.Altınalan/
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın Ankara-Yerevan protokollarının reallaşması üçün xoş niyyət nümayiş etdirmədiyini bildirib. 
"Türkiyə Ermənistan protokollarında Yerevan xoş niyyət nümayiş etdirmir ", - Davudoğlu  çərşənbə axşamı  Trend -a eksklüziv açıqlamasında bildirib.
 Trend -un arayışı: 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.
Ermənistanın Konstitusiya Məhkəməsi bu il yanvarın 12-də 2009-cu il oktyabrın 10-u Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən imzalanan Ermənistan-Türkiyə protokollarında ("Diplomatik münasibətlərin qurulmasına dair protokol" və "İkitərəfli əlaqələrin inkişafına dair protokol")  əks olunan öhdəliklərin ölkənin əsas qanununa uyğun olduğunu təsdiq edib.
Lakin Ermənistanın Konstitusiya Məhkəməsi protokolları qəbul etdikdən sonra Osmanlı Türkiyəsi  zamanı 1915-ci il hadisələrini araşdıracaq ortaq komissiyaya ehtiyac olmadığını və Ermənistanın "soyqırım"ın qəbul edilməsi tələbindən heç vaxt əl çəkməyəcəyini bildirib.
Davudoğlu onu da qeyd edib ki , Londonda erməni həmkarı ilə görüşü zamanı da Ermənistan Konstitusiya Məhkəməsinin Ankara-Yerevan protokollarına etdiyi dəyişiklikdən narahat olduğunu bildirib.
"Ermənistan Konstitusiya Məhkəməsinin protokollarla bağlı  qəbul etdiyi qərar konstruktiv deyil və edilən dəyişiklikdən sonra iki  ölkə arasında əlaqələr əvvəlki mərhələyə  döndü", - o qeyd edib.
Davudoğlu onu da qeyd edib ki, Ermənistan tutduğu qeyri-konstruktiv mövqedən əl çəkməzsə və rəsmi Ankara normallaşma prosesinin doğru şəkildə davam etmədiyi qənaətinə gələrsə, prosesin davamı  mümkün olmayacaq.
Qondarma "erməni soyqırımı" ilə bağlı qanunun ABŞ Dövlət Konqresinin Xarici Əlaqələr Komissiyasının sədri Hovard Berman tərəfindən martın 4-də müzakirəyə çıxarılacağına münasibət bildirən Davudoğlu  qeyd edib ki , bu  məsələnin  gündəmə  gətirilməsi ilə erməni tərəfi normallaşma  prosesinin qarşısını alır.