Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir M.Əliyev/
Bəzi müxalifət partiyaları seçkiyə qatılmasa belə, bu, parlament seçkilərində Yeni Azərbaycan Partiyasının alternativsiz iştirakına gətirib çıxarmayacaq. Bu barədə şənbə günü Trend-ə YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı bildirib.
"Hazırda Azərbaycanda 40-dan çox partiya var və heç bir halda seçkilər alternativsiz keçirilə bilməz. Hesab edirəm ki, hər bir seçki altermativlidir və budəfəki seçkilər daha çox namizədlərin iştirakı ilə keçiriləcək", - Qurbanlı deyib.
Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri 125 seçki dairəsində aparılır.
O qeyd edib ki, Azərbaycanda parlament seçkiləri majoritar sistemdə keçirilir və parlament seçkilərində siyasi partiyaların nümayəndələri, bitərəflər iştirak edirlər.
YAP funksioneri bildirib ki, partiyanın parlament seçkilərində iştirakı üçün ciddi hazırlıq işləri aparılmaqdadır.
"Bəzi partiyalar seçkilərə qatılır, amma müəyyən dairələri əhatə bilmədiklərinə görə fərdi şəkildə seçkiyə qatılmalı olurlar", - Qurbanlı bildirib.