Azərbaycan, Bakı, 08 aprel /Trend, müxbir /A.Hüseynbala/
Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu Demokratiya Uğrunda İttifaqla Müsavat Partiyası Parlament seçkilərində vahid namizədlərin siyahısı ilə iştirak edə bilərlər.
"Müsavat Partiyasında keçirilən iclasda deputatlığa namizədlərin birgə siyahısının müəyyənləşdirilməsi ilə bağlı ilkin müzakirələr aparılıb", - cümə axşamı Trend-ə Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.
Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
Musayevin sözlərinə görə, DUİ-nin ilkin siyahısında deputatlığa 89 nəfər namizədin adı var.
"Müsavatın irəli sürmək istədiyi namizədlərin sayı yüzə yaxındır. İclasda hər iki tərəfin siyahısı bir-birinə təqdim olunub və vahid siyahının müəyyənləşdirilməsi ilə bağlı ilkin müzakirələr apraılıb", - partiya sədri əlavə edib.
Onun fikrincə, təxminən, bir həftədən sonra deputatlığa namizədlərlə bağlı məsləhətləşmələr yenidən keçiriləcək: "Vahid siyahı ilə bağlı tərəflər arasında ciddi fikir ayrılığı yoxdur. Ona görə düşünürük ki, hər iki tərəf müzakirələr nəticəsində ümumi qərar qəbul edə biləcək", - Musayev vurğulayıb.
BAP sədri müzakirələr zamanı DUİ ilə Müsavat Partiyasının birgə kütləvi aksiyaların keçirilməsi barədə razılıq əldə olunduğunu da qeyd edib: "Biz həm də Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin qəbul olunması, eləcə də seçki komissiyalarının yenidən formalaşdırılması ilə bağlı birgə çalışacağıq", - Musayev xatırladıb.
DUİ bir müddət əvvəl Parlament seçkiləri ərəfəsi Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ilə birgə məsləhətləşmələrin aparılmasını təklif edib. Təkliflə razılaşdığından, DUİ-də təmsil olunanlarla Müsavat Partiyası rəhbərləri arasında artıq iki görüş keçirilib. AXCP isə təklifi qəbul etmədiyindən, məsləhətləşmələrdə iştirak etmir.
DUİ bu həftənin əvvəlində müxalifətin birgə kütləvi aksiyalar keçirməsi üçün də təkliflə çıxış edib.